Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Krılya Sovetov” klubu Türkiyə toplanışı çərçivəsində bu gün daha iki yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, ilk rəqib Danimarkanın “Koldinq” klubu olub. Şeydayev komandasının 2:1 hesabı ilə qalib gəldiyi oyunda iştirak etməyib.
Samara təmsilçisi digər sınaq matçında Latviyanın “Liepaya” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Start heyətdə meydana çıxan millimizin hücumçusu 77-ci dəqiqədə əvəzlənib.
Ramil Şeydayev oyundan sonra "Matc TV"yə açıqlama verib. 22 yaşlı hücumçu toplanış barədə fikirlərini bölüşüb: "Uzun müddət yaxşı işə yarayan iki toplantı keçdik. Çempionatın startına 10 gündən bir az çox qalıb. Qarşıda daha bir sınaq oyunu var. Mövsümün ikinci yarısında daha çox qol vuracağıq. İlk yarıda az qol vurmağımızın səbəbini demək çətindir. Bir az bəxtsizlik və həm də çox müdafiə olunduq".
Ramil yeni transferlərin gəlişinin "Krılya Sovetov" üçün uğurlu olacağını deyib: "Bəli, təcrübəli futbolçularla gücləndik. Bəziləri Çempionlar Liqasında da oynayıb. Aleksandr Səmədov Rusiya millisinin heyətində DÇ-2018-də oynayıb. Təbii ki, yeni futbolçular bizə kömək edəcək. Bu cür təcrübəli futbolçularla bütün problemlərimizi çözəcəyimizi düşünürəm. Bütün gücümüzü ortaya qoymalıyıq və komanda həmişə güclü olacaq".
saytlarin hazirlanmasi