“Molde” Çempionlar Liqasının III təsnifat mərhələsi oyunu üçün Bakıya gəlmək istəmir. Norveç klubu matçın neytral meydanda keçirilməsini istəyir. Buna səbəb Skandinaviya ölkəsində koronavirus pandemiyasına görə tətbiq olunan karantin tədbirləridi. Məsələ bundadı ki, Norveçə daxil olan hər kəs 10-14 gün təcrid olunmalıdı. “Molde” Bakıdan qayıtdıqdan sonra bu qədər karantində qalmaq istəmədiyindən təklif və israr edir ki, görüş neytral meydanda keçirilsin.
Klub bununla bağlı “Qarabağ”a rəsmi müraciət ünvanlayıb. Azərbaycan təmsilçisinə göndərilən elektron poçtda qarşılaşmanın Macarıstanda keçirilməsi təklif olunub. Bildirilir ki, Macarıstandan Norveçə giriş zamanı sözgedən karantin qaydası tətbiq edilmir. Bundan başqa matçı keçirmək üçün özlərinin seçdiyi daha bir neçə Skandinaviya ölkəsini təklif ediblər.
“Qarabağ” təbii ki, “Molde”nin absurd təklifi ilə razılaşmayıb, rədd cavabı verib. Ancaq qarşı tərəf israr edir.
“Qarabağ” razılaşmamaqda niyə haqlıdı? – izah edək...
UEFA-nın mövsümün startından öncə qəbul etdiyi qaydalar var. Onlardan ən diqqət çəkəni Çempionlar Liqasında pley-offa qədər bütün mərhələlərdə qalibin tək matçda müəyyənləşməsidi. İştirakçı bütün klublar bunu nəzərə alaraq qatılıblar, üzərlərinə öhdəlik götürüblər. Qitə futbol qurumu məsələ ilə bağlı hər hansı istisna da nəzərdə tutmayıb. UEFA heç bir halda bildirməyib ki, hər hansı klub səfərdən qayıtdıqdan sonra ölkəsində karantində qalacaq deyə, səfərə getməyə və ya matçın neytral meydanda keçirilməsini istəyə, tələb edə bilər. Heç bir qərarda belə bənd yoxdu, heç bu cür şifahi açıqlama da verilməyib.
Digər tərəfdən, Norveç yığması bir neçə gün sonra UEFA Millətlər Liqasında Avstriyanı qəbul etməlidi, ardınca isə komanda Şimali İrlandiyanın qonağı olacaq. İndiyə qədər bu görüşlərlə bağlı hər hansı narazılıq olmayıb. Norveç rəqiblərinə matçların neytral meydanda keçirilməsi üçün müraciət etməyib. Elə isə “Molde”nin etdiyi nədi? Bir neçə gün əvvəl Sloveniyada meydana çıxmaq olurdu, ancaq Azərbaycanda olmaz? Bəlkə, “Molde”nin qurduğu bir oyundu, heç karantin yox, yolun uzaqlığı, “Qarabağ”dan çəkinməkdi səbəb?
“Qarabağ” niyə razılaşmalıdı neytral meydanda oynamağa? Bunun üçün bircə məntiqli arqument yoxdu. UEFA-nın ev sahibini müəyyənləşdirmək üçün tətbiq etdiyi və hər kəsin əvvəlcədən bildiyi PÜŞK Azərbaycan təmsilçisinin lehinə olub. Evdə oynamaq, hətta azarkeşsiz olsa belə, üstünlükdü və heç bir komanda doğma stadionunu qoyub, hansısa neytral yerdə oynamağa razılaşmaz. Digər tərəfdən, “Qarabağ” niyə səfər xərci çəkib Macarıstana, yaxud hansısa Skandinaviya ölkəsinə getməlidi? Hardadı məntiq?
Azərbaycan tərəfi, “Qarabağ” klubu “Molde”nin Bakıya gəlməsində heç bir problem olmadığı ilə bağlı zəmanət verib. Bu avrokubok mövsümündə daha əvvəl Şimali Makedoniya, Moldova və Albaniyadan olan klublar Azərbaycana səfər ediblər, nə ölkəyə girişdə, nə də çıxışda hər hansı əngəl çıxmayıb. Eyni zəmanət “Molde”yə də verilir. Deməli “Qarabağ” tərəfdən hər hansı problem yoxdu.
O ki qaldı “Molde”nin Azərbaycandan qayıtdıqdan sonra karantində qalmaq istəməməsinə, klubun bunu çözmək üçün müraciət etməli olduğu tərəf “Qarabağ” deyil, Norveç hökumətidi. Cığallığı bir kənara qoymaq, məntiqli olmaq və bu məsələdəki absurd yanaşmadan çəkinmək lazımdı. “Qarabağ” isə sona qədər kəskin mövqeyini ortaya qoyub qarşı tərəfin anormal təkliflərinə qətiyyətlə yox deməlidi. Norveçdə tətbiq olunan karantin qaydalarından bizə nə? “Molde”nin problemini “Qarabağ” niyə həll eləməlidi? (futbolpress.az)
saytlarin hazirlanmasi