"Legiya"nın idman direktoru: "Qarabağ"a yanlış qərarlar üzündən uduzduq"

13:28 - 9 Oktyabr 2020

“Qarabağ” bizdən daha yaxşı təşkilatlanıb. Rəqib matça daha ciddi hazırlaşmışdı. Meydanda olduqca rahat hərəkət edirdilər”. 


Sportal.az xəbər verir ki, bu sözləri Polşanın “Legiya” klubunun idman direktoru Radoslav Kuxarski UEFA Avropa Liqasının pley-off mərhələsində evdə “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.  


Klub rəsmisi bildirib ki, Azərbaycan çempionunu yalnız bəzi epizodlarda üstələyə biliblər: “Heyətlə bağlı yanlış qərarlar, fərdi, texniki və taktiki səhvlər ucbatından mübarizəni dayandırdıq. Halbuki bu cür oyunlarda belə şeylər olmamalıdır. Pis qərarlar qəbul etdik. Nəticədə hücum və müdafiədə istədiyimizi edə bilmədik”. 


Kuxarski komandasının "Qarabağ"dan çəkinmədiyini desə də, futbolçuların təzyiq altında oynamağı bacarmadığını etiraf edib: "Hər il bu problemlə üzləşirik. Təkcə futbolçuları günahlandırmıram. Hər gün onlarla işləyirəm, hətta bazaya gətirirəm. Mənim istefam üçün ciddi səbəb olmadığını göstərməyə çalışıram. Bir neçə nəfər qurban verilə bilər, amma problem hələ də davam edir".


Qeyd edək ki, "Qarabağ" bu qələbə sayəsində ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə əldə edib.

Xəbər xətti