"Qarabağ”ın növbəti ev oyunlarının da stadionu müəyyənləşdi

15:10 - 8 Sentyabr 2021

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsində “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Qol.az saytına klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib. O, Tofiq Bəhramov adına Respublika Stadionunda ot örtüyünün bərpası ilə bağlı işlər getdiyini və arenanın sözügedən matçlaradək hazır olacağını bildirib:

 

“Hazırda stadionda işlər gedir. Biz UEFA-ya müraciət etmişdik ki, ilk ev oyunumuzu sentyabrın 16-sı yox, 30-u keçirək. Həmin vaxtadək stadion hazır olardı. Sadəcə UEFA təqvimdə güzəştə getmədi. Nəticədə biz qrupdakı ilk oyunumuzu evdə keçirməli olduq. Amma əminik ki, ilk matçadək - “Bazel”lə görüşədək hazır olmasa da, sonrakı ev oyunlarınadək Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü ideala yaxın vəziyyətə gətiriləcək. Arenadakı işlər davam edir. Oktyabrdakı ev oyunumuza qədər stadion yaxşı durumda olacaq. Artıq UEFA-dan da bizə məktub gəlib. 2-ci və 3-cü ev oyunumuzu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcəyik”.

 

Qeyd edək ki, məhz sözügedən arenanın ot örtüyünün bərbad olması səbəbindən “Qarabağ” sentyabrın 16-sı “Bazel”lə matçını Bakı Olimpiya Stadionunda keçirəcək.

 

Qeyd edək ki, “Qarabağ” evdə “Kayrat”la oktyabrın 21-i, “Omoniya” ilə isə noyabrın 25-i qarşılaşacaq.

Xəbər xətti