"Oyunu səbirsizliklə gözləyirik. Evdə oynayırıq və bu, bizim üçün çox yaxşıdır".
Sportal.az xəbər verir ki, bu sözləri Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la matç öncəsi keçirilən mətbuat konfransında deyib.
“Oyunun çətin olacağını bilirik. Qələbə qazanmağa çalışacağıq. Bilirik ki, qalib gəlsək, qrupdan çıxmaq şansımız artacaq. Evdə qalib gəlmək yaxşıdır. "Qarabağ" AEL-i mübarizədən kənarlaşdırdı və "Bazel"lə heç -heçə etdi. Onlar yaxşı komandadır. Bizi çətin oyun gözləyir" - deyə o bildirib.
H.Berq ötən ilki qrupun daha çətin olduğunu vurğulayıb: "Ötənilki komandalar daha yüksək səviyyədə oynayırdı. İndi komandalar səviyyəmizə daha yaxındır. Fikrimizcə, "Bazel" ən güclü rəqibdir. Biz onlarla rəqabət aparmaq və əlimizdən gələni etmək üçün buradayıq".
Qeyd edək ki, sabah Nikosiyadakı GSP stadionunda keçiriləcək "Omoniya" – "Qarabağ" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq. (qol.az)
saytlarin hazirlanmasi