Xəbər verildiyi kimi, AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının yeni heyətlə ilk iclası keçirilib.
Fondun icraçı direktoru Tural Piriyev Himayəçilər Şurasının üzvlərini təqdim edib.
AFFA məlumat yayıb ki, Himayəçilər Şurasında xalq artisti Fəxrəddin Manafov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev, futbol veteranları Yunis Hüseynov və Vəli Qasımov, "Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov, "Azercell Telecom"un korporativ kommunikasiya direktoru Sona Abbasova, CBC Sport telekanalının Proqram Direktoru Rüstəm Əfsərli və sahibkar Şaiq Qəribzadə yer alıb.
Açıq səsvermə ilə Vəli Qasımov növbəti 1 il müddətinə Fondun Himayəçilər Şurasının sədri seçilib. Nizamnaməyə uyğun olaraq, sədr seçkisi hər il keçiriləcək.
Sonra Fondun strategiyası, qarşıya qoyulan məqsədlər, tədbirlər planı, hazırlanan ianə platforması baradə fikir mübadiləsi aparılıb.
2022-ci il ərzində Gəncə, Tovuz, Lənkəran, Mingəçevir və Zaqatala nümayəndəliklərinin fəaliyyətə başlaması razılaşdırılıb. Həmçinin nizamnaməyə ediləcək dəyişiklilər müzakirə olunub.
2016-cı ildə təsis olunmuş Futbolun İnkişaf Fondu qarşısına fəaliyyəti genişləndirərək region klublarına dayanıqlı maliyyə mənbələri tapmaqda kömək etmək, ən vacibi isə cəmiyyətin hər bir fərdinə region klublarının inkişafında iştirak etmək imkanı yaratmaq məqsədi qoyub.
Bunun üçün FİF dövlət və beynəlxalq qurumlar, yerli və beynəlxalq şirkətlərlə davamlı əməkdaşlıq edəcək, maliyyə cəlb olunması üçün bütün mümkün maliyyə mənbələrini aşkarlamağa çalışacaq.
Həmçinin yerli əhaliyə və diaspor nümayəndələrinə öz region klublarına dəstək olmaları üçün imkan yaradılacaq.
FİF AFFA-nın növbəti piar kampaniyasıdır. Biz əvvəllər də bu cür uğursuz layihələri çox görmüşük.
Elxan Məmmədovun "beyin məhsulu" bundan artıq olmayacaq ki… Vaxtilə ictimai qınağa və gülüşə səbəb olan "Top festivalı"nı görmüş mətbuat nümayəndəsiyik.
Fondun Himayəçilər Şurasında təmsil olunanların əksəriyyətinin heç bir real gücü və təsir imkanı yoxdur. Sahibkar kimi təqdim edilən Şaiq Qəribzadə hara, futbolun inkişafına tövhə vermək hara! Ya da o birilər.
AFFA-nın icraçı vitse-prezidenti görüntü yaradır ki, guya, ölkənin futbol həyatında yeni dönəm başlayır. Əslində isə ortaya heç bir yeni plan qoyulmayıb, sadəcə, "kosmetik təmir" aparılır. Yenə də gözdən pərdə asmaq, görüntü yaratmaq üçün.
Bəllidir ki, Premyer Liqa və I Divizion təmsilçilərinin əksəriyyəti birbaşa, yaxud dolayısı ilə AFFA-ya bağlıdır. Federasiya bu klubları öz adamlarının idarəetməsinə verməklə yanaşı, onlara nəzarət paketini də əlində saxlayır.
Federasiya əsasən baş sponsoru SOCAR-dan ayrılan vəsaiti yüksək və aşağı liqa nümayəndələri arasında bölüşdürür. AFFA bir çox hallarda maliyyə mənbəyini açıq göstərmir.
Bu mənada yalnız "Keşlə" istisnadır. UEFA nə vaxt paytaxt klubuna yardım/ianə ayırırsa, AFFA açıqlayır ki, həmin vəsait Futbolun İnkişaf Fonduna toplanır və aylar üzrə köçürmə edilir.
İki-üç ildir verilən açıqlamalarda məhz bum əqam xüsusi qeyd olunur.
Buradan bir daha anlaşılır ki, FİF yeni yaranmayıb, neçə ildir mövcuddur. Elə isə AFFA fondun fəaliyyətini niyə məhz indi önə çəkir, bunu dünənədək etmək olmazdı?
AFFA-nın illik hesabatlarının hansı birini gözdən keçirsək, Premyer Liqa və I Divizion klublarına ayrılan maliyyə haqda orada bir rəqəmə rast gələ bilmirik.
Gənclər və İdman Nazirliyinin son aylarda apardığı hərtərəfli islahatları görən AFFA mənsubları öz aləmində bu proseslə ayaqlaşmaq kursu götürüb və görüntü yaradır ki, artıq futbolda da canlanma var, yeniliklərə imza atılır.
Bu yandan da SOCAR amilini diqqətə almalıyıq. Neft şirkəti AFFA ilə münasibətlərini yeni müstəviyə daşımağa başlayıb. Rövnəq Abdullayevin SOCAR-ın prezidenti postundan gedişi federasiyanın maliyyə ilə bağlı gündəmini büsbütün dəyişib.
Şirkətin prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı olan Rövşən Nəcəf hər qəpiyin hesabatını istəyir və artıq AFFA-nın baş idarəçiləri özlərini SOCAR-dan ayrılan pul kütiəsini istədikləri kimi idarə edəcək qədər rahat hiss eləmirlər.
FİF-in fəaliyyətinin təbliğatı, böyük ehtimalla, SOCAR-ın AFFA-ya nəzarətinin güclənməsi ilə bağlıdır.
Aydın məsələdir ki, öncə olduğu kimi, növbəti illərdə də bura toplanacaq büdcənin əsasını SOCAR-dan gələcək pul kütləsi təşkil edəcək. Bu üzdən, AFFA həmin maliyyəni şəffaf şəkildə bölüşdürmək və rəqəmləri hesabatlarında göstərmək məsuliyyəti daşıyır.
Kaş, doğrudan da, futbola əlavə sponsorlar və dəstəkçilər cəlb etmək mümkün olardı. AFFA dünənə kimi 180 dərəcə fərqli siyasət yürüdüb.
Federasiyanın laqeyd və etinasız münasibəti bir çox şirkəti, iş adamını bu sahəyə yatırım etmək fikrindən daşındırıb. Futbola öz ayağıyla gələn biznes dünyasının mənsubları əksər hallarda AFFA-nın təzyiqi ilə üzləşib.
Bu qurumu idarə edənlər onları "kənar qüvvə" sayıb, "ümumi süfrə"yə yaxın buraxmayıb, sahədən uzaqlaşdırıb. FİF-də toplaşan əksər şəxslərin özlərinə maddi kömək edən lazımdır, onlara qapı açan kimdir?
Əyri oturub düz danışaq: pandemiyanın mənfi təsirlərini hər gün öz üzərində hiss edən hansı yerli şirkət, yaxud xaricdəki diaspor təşkilatlarının nümayəndələri AFFA-nın çağırışına məhəl qoyar?
Bunun adı bilirsiz, nədir? Keçi can hayındadır, qəssab piy axtarır.
Dünyanın salamat vaxtında sponsorları qapıdan qovan AFFA düşünür ki, indi ona qucaq açan olacaq?
Bu, bir halda mümkündür: həmişə idmanın inkişafına diqqət və qayğı göstərən dövlət bu məsələdə yenə tənzimləyici funksiyasına üstlənsə.
Bütün hallarda ümid yalnız «dövlət baba»yadır və hansı nəticə əldə edilsə, "çox sağ ol" da ona deyilməlidir. (Sportinfo.az)
