"Baxımlı oyun alındı. İki güclü komanda oynayırdı. Həm biz, həm də "Qəbələ" yüksək yerlər üçün mübarizə aparır. Birinci qolu biz vurduq deyə, üstünlük bizim tərəfimizə keçdi və sonda qalib gəldik".
Sportal.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Eddi İsrafilov Premyer Liqanın 20-ci turunun "Qəbələ" ilə keçirilən matçından sonra deyib. Mətbuat konfransında iştirak edən İsrafilov 4:0 hesablı qələbəni belə şərh etdikdən sonra özü barədə də danışıb: "Hər dəfə maksimumu verməyə çalışıram. Uzun yoldu və burada sənə dəstək verən adam çox olmur. Sonda daha yaxşı nəticə göstərmək üçün çox çalışmalıyam".
O, milli komandaya yenidən dəvət olunduğunu etiraf edib: "Bəli, milli komandaya dəvət almışam. Çalışacağam ki, orada da əlimdən gələni edim və yığmaya köməyim dəysin".
Mirbağırağa
