Hər nə qədər avrokuboklarda uğurlu çıxış etmək ölkə futbolunun yüksəlişi, reytinq xallarının artması üçün təkan rolu oynasa da, futbol həm də biznesdir. Qitənin müxtəlif kateqoriyalı klub turnirlərində irəliləmək eyni zamanda klubun maddi tərəfdən irəli düşməsi deməkdir. Hər klub məhz uğurlu çıxışı sayəsində büdcəsini artırır.
Təəssüf ki, bu mənada ölkəmizdə yalnız “Qarabağ” ön plana çıxır. Yəni, digər klublarımızın rəhbərliyi xərcləri müqabilində qazana bilmirsə, sponsor dəstəyi ilə birlikdə “Qarabağ” avrokubokardan əldə etdiyi vəsait hesabına oyunçularının maaşını verir, üstəlik transferlərə də pul qalır. Ağdam təmsilçisi bəzən transfer əməliyyatlarında bir qədər xəsisliyi ilə yadda qalır. Amma onu da deyək ki, klub rəhbərliyi bəzən haqlı olaraq pulunu çölə atmır. Hər halda, zay transferlər klubun nəticələrinə mənfi təsir göstərə bilər. Klub avrokuboklarda uğur qazana bilməyəndə əvvəlki kimi böyük gəlirlər əldə etmir. Bir sözlə, təsir əks təsirə bərabər olur.
“Qarabağ” hazırda sözün yaxşı mənasında “bumeranq effekti”ndən istifadə etməyi bacarır. Son 9 ildə avrokubokların qrup mərhələsində oynayan komandanın indiyə qədər qazandıqları görünməmiş nəticələrdi. “Qarabağ”ın sadəcə, son 5 ildə (üstəgəl, cari mövsüm) əldə etdiyi qazancı hesablasaq, klub rəhbərliyinin necə gözəl siyasət apardığına şahid olarıq.
Əvvəlcə, cari mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyən, “Viktoriya”ya məğlubiyyətdən sonra Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandanın bu il əldə etdiyi gəlir haqda informasiyanı yenidən xatırlayaq. Ümumilikdə 10 milyon 644 min avro qazanan kluba məbləğin 5 milyon avrosu UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirakına görə (ÇL-in qrup mərhələsinə adlaya bilməyən klubar üçün), 3,4 milyon avrosu Avropa Liqasında iştirak üçün ilkin ödəniş, 2,244 milyon avrosu isə Avropa Liqasının sıralama əmsalına görə (klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən) ödənilib.
Avropa Liqasının qrup mərhələsində daha uğurlu çıxış edəcəyi halda, Ağdam klubu daha çox qazana bilər. Yəni, bu, hələ son deyil.
Ötən mövsüm isə Konfrans Liqasında “Aşdod”, “AEL Limassol” və “Aberdin” klubların mübarizədən kənarlaşdıran “Qarabağ” qrup mərhələsində “Bazel”, “Kayrat” və “Omoniya” ilə qarşıaşdı. “Bazel”dən 1, “Kayrat”dan 6, “Omoniya”dan 4 xal qoparan Qurban Qurbanovun komandası tarixində ilk dəfə avrokuboklarda qrup mərhəsini uğurla adladı. Konfrans Liqasının 1/16 finalında “Marsel”lə oynayan “Qarabağ” hər iki oyunda məğlub olunca, mübarizəni dayandırdı. Bütün bunların nəticəsinə görə UEFA Ağdam klubunun büdcəsinə 8 milyon 120 min avro vəsait köçürdü.
2020/21 mövsümündə isə “Qarabağ” Çempionlar Liqası və Avropa Liqasında oynaması ilə yadda qaldı. ÇL-in təsnifat mıərhələsində “Sileks” və “Şerif”i mübarizədən kənarlaşdıran “köhlən atlar” “Mölde”yə neytral meydanda penaltilərlə uduzunca, Avropa Liqasının pley-off mərhələsində oynamaq hüququ qazandı. Varşavada keçirilən oyunda “Legiya”nı 3:0 hesabıyla darmadağın edərək qrup mərhələsinə çıxan Qurban Qurbanovun komandası “Vilyarreal”, Təl-Əviv “Makkabi”si və “Sivasspor”un əhatəsinə düşdü. Vətən Müharibəsinə görə Bakıda oynamaq imkanından məhrum olan “Qarabağ” Türkiyədə özünü yaxşı tərəfdən göstərə bimədi. Beləliklə, qrupda 1 xal yığan komandamız onu sonuncu pillədə başa vurdu. Ümumilikdə iki turnirdə iştirakına görə “Qarabağ” 4 milyon 630 min avro vəsait əldə etdi.
“Qarabağ” 2019/20 mövsümündə də eyni istiqamət üzrə hərəkət etmişdi. Yenə Çempionlar Liqasında 3-cü mərhəyə qədər irəliyən komandamız oradan Avropa Liqasının pley-off mərhələsi vasitəsilə qrupa adladı. Belə ki, ÇL-in təsnifatında “Partizani” və “Dandolk”u mübarizədən kənarlaşdıran “köhlən atlar”sonrakı mərhələdə APOEL-lə bacarmadı. Avropa Liqasının pley-offunda “Linfild”i məğlub edən “Qarabağ” qrupda “Sevilya”, APOEL və “Düdelanj”ın rəqibi oldu. Burada “Düdelanj”dan 4 xal alan komandamız “Sevilya”ya hər iki oyunda uduzdusa, APOEL-dən 1 xal qopardı. Qrupda 3-cü yeri tutan təmsilçimiz ümumilikdə 6 milyon 3 min avro qazandı.
Bir il əvvəl, yəni 2018/19 mövsümündə də komanda eyni ssenari ilə hərəkət etdi. Təmsilçimiz Çempionlar Liqasında “Olimpya Lyublana” və “Kukesi” klublarını keçdikdən sonra BATE ilə bacarmadı. Daha sonra Avropa Liqasının pley-offunda “Şerif”i məğlub edən komandamız London “Arsenal”ı, Lissabon “Sportinq”i və “Vorskla” ilə eyni qrupa düşü. “Arsenal”la “Sportinq”ə hər iki oyunu uduzan, “Vorskla”dan 3 xal alan “Qarabağ” qrupu 4-cü yerdə başa vurdu. Ümumilikdə isə 4 milyon 930 min qazanc əldə edildi.
Nəhayət ki, futbolumuzun ən şanlı tarixi. “Qarabağ” 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində iştirak etməklə Azərbaycan tarixində yeni bir səhifə açdı. “Samtredia”, “Şerif” və “Kopenhagen”i mübarizədən kənarlaşdıran Qurban Qurbanovun komandası qrupda “Çelsi” və “Roma”ya hər iki oyunda uduzdusa, “Atletiko”yla hər iki görüşdə heç-heçəyə razılaşdı. Beləliklə “Qarabağ” ÇL-də ümumi çıxışına görə16 milyon 440 min avro vəsait əldə etdi.
Bu 5 il ərzində “Qarabağ”ın qazandıqlarını toplasaq, komandanın büdcəsinə 50 milyon 767 min avro vəsaitin daxil olduğunu görərik. 5 il ərzində bir Azərbaycan klubunun bu qədər qazanması fantastik nailiyyətdir. Hələ ÇL-də iştiraka görə digər klublarımızın da bonus-mükafat almasını, “Qarabağ”ın digər gəlirlərini üst-üstə gəlsək…
Bax, işi belə görərlər. Yüksək səviyyəli futbolu olmayan ölkəyə halal yolla bu qədər valyuta gətirmək inanlımaz uğurdur. Ümid edirik ki, “Qarabağ” gələcəkdə də uğurlu “biznes layihəsi”ni daha mükəmməl şəkildə davam etdirəcək.
Futbolinfo.az
saytlarin hazirlanmasi