Elmar Baxşıyev: "Futbolçu tullanırsa, harasa düşməlidir də, göydə qalası deyil ki"

21:51 - 17 Sentyabr 2022

"Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olan qardaşlarımıza Allah rəhmət etsin. Oyuna gəldikdə, bilirdik ki, ağır olacaq. Üç oyunda uduzsaq da, komandanın bu matçda özgüvənli çıxış edəcəyinə inanırdıq. Futbolçularımdan istədiyimi gördüm. Son dəqiqələr stressli keçdi. Meydanda azlıqda qaldığıma görə, fikrimizi tam olaraq müdafiəyə yönəltmişdik. Kollektivi təbrik edirəm, layiqli və əzmkar qələbə qazandılar".

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib. O, Premyer Liqanın 7-ci turunun "Qəbələ" - "Sumqayıt" görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Qırmızı vərəqə epizodu kifayət qədər mübahisəli idi. Sizin həmin epizodla bağlı fikriniz necədi?
- Oyun gedişində həmin epizodlar qırmızı vərəqə kimi dəyəndirilirsə, sözüm yoxdu. Gördüyüm qədərilə ikili mübarizə idi. Futbolçu tullanırsa, harasa düşməlidir də, göydə qalası deyil ki.

- Ötən turların birindən sonra demişdiniz ki, üstün oynayıb, yenilmək də olur. Parlaq oynayıb xalsız qalmağı, yoxsa parlaq olmayan oyunla üç xalı seçərdiniz? 
- Öz prinsiplərimizdən qalmayacağıq. İstəyirəm ki, komandam meydanda oyun oynasın. Belə olarsa, nəticələr də gələcək. Yox, əgər oyun yoxdursa, düşünməyə ehtiyac var. Çünki oyun olmayanda heç nə olmur. Təsadüfi qələbələr isə 1-2 matçda alınır. Mövsüm ərzində davamını gətirmək mümkün deyil.

- Futbolçularınız epizodları qaçıranda düşünmürdüz ki "vurmayana vurarlar" prinsipi işə düşəcək?
- Futbolun özəlliyi də odur ki, epizodlara girirsən, amma dəyərləndirə bilmirsən. Belədə, rəqibə də şans verirsən. Komandam xarakter göstərdi və sona qədər rəqibə epizod vermədi.

- Tutaq ki, komandanız 7 oyuna 1 qol vurub. Rəhbərliyin qərarını gözləyərdiniz, yoxsa özünüz öz ərizənizi yazardınız?
- Mən öz komandama cavabdehəm. Məni "Qəbələ" inkişaf etdirib. Məşqçiliyə burada başlamışam və inkişafım da bura ilə bağlıdı. İnanın, hiss etsəm ki, gedişim "Qəbələ"yə müsbət təsir edəcək, rəhbərliyə özüm təklif edərəm ki, daha yaxşı seçimin üstündə dayansınlar. Amma rahat təslim olan komanda deyilik, iddiamızdan əl çəkməyəcəyik.

Mirbağırağa

 

Xəbər xətti