"Millətlər Liqasının ilk oyunlarında da son matçlardakı kimi istəkli oynasaydıq, indi qrupda lider idik"

16:18 - 25 Sentyabr 2022

"Azərbaycan millisinin Slovakiya ilə görüşdə qələbə qazanacağına inanmasam da, ən azından vətənə xalla dönəcəyini düşünürdüm. Səfərdəki qələbə milliyə qarşıdakı oyunlar üçün də inam qazandırır, yaxşı motivasiya verir".

Bu sözləri Sportal.az saytına açıqlamasında Ramazan Abbasov deyib.

Azərbaycan milli komandasının veteran futbolçusu yığmamızın Millətlər Liqasının 5-ci turunda Slovakiya üzərindəki qələbəsini şərh edib.

Hazırda məşqçi kimi fəaliyyət göstərən Abbasov Canni De Byazinin rəhbərlik kollektivin bu gün Millətlər Liqasının 6-cı turu çərçivəsində Qazaxıstana qarşı keçirəcəyi oyundan gözləntilərini də söyləyib:

"Slovakiyaya qarşı matçda son dəqiqədə qol buraxıb, sonradan üç xalı gətirən qolu vurmaq onu göstərir ki, komandamızda qələbə istəyi yüksək idi. Qazaxıstanla matça gəldikdə, məncə, onları Bakıda məğlub etmək olar. Millətlər Liqasının ilk oyunlarında da son matçlardakı kimi istəkli oynasaydıq, indi qrupda lider idik. İlk görüşlərdəki itirdiyimiz xallar bu gün lider olmaq şanslarımızın üstündən xətt çəkir".

Xəbər xətti