Sentyabrın 30-u Sloveniyanın Sele şəhərində Avropa Cüdo Birliyi (EJU) tərəfindən hakimlər üçün “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.
Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, imtahanda ACF-in hakimlər heyətinin üzvləri Bəhriyyə Hüseynova və Elşad Əsədov da iştirak ediblər.
İlkin olaraq hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, 1-2 oktyabrda keçirilən böyüklər arasında Açıq Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə keçən hakimlərimiz “B” kateqoriyalı hakimlik lisenziyasını əldə ediblər.
Xatırladaq ki, cari ilin may ayında ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və iyun ayında ACF-in hakimlər heyətinin üzvü Nazim Umbayev “A” kateqoriyalı hakim statusu qazanıblar.
ACF həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərinin sayının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcəkdir.
