"Üzüldüyümüz məqam yalnız məğlubiyyətdir. Çünki komandamın oyunundan razı qaldım. Həm ilk yarıda,həm də ikinci yarıda yaxşı oyun nümayiş etdirdik. Get-gedə daha güclü olacağıq. Komandaya yeni gələn futbolçuların oyununu tutmaq da vaxt alacaq".
Sportal.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 21-ci turunun "Neftçi" - "Sumqayıt" (2:0) görüşündən sonra qonaq komandanın çalışdırıcısı Samir Abasov deyib.
"Kimyaçılar"ın çalışdırıcısı komandasının buraxdığı ilk qola görə etirazını da bildirib: "Bunlar futbolçuların üzərində olan şeylərdir. Belə məqamların əziyyətini çəkirik. 3 məğlubiyyəti belə şeylərə görə yaşamışıq. Komanda olaraq rəqibdən daha yaxşı idik. “Neftçi”dən zərrə qədər çəkinmirik. Son zərbə anlarında da çatışmazlıqlar var. Əks halda qollar da vura bilərdik. Neçənci oyundur, mərkəz müdafiəçisiz oynayırıq. Bu da təsir edir. İkinci qolda qayda pozuntusu var idi. Amma əmin deyiləm. İlk qol “Neftçi”nin qapısına vurulsaydı, saatlarla VAR-a baxılardı. Rəqib futbolçulara bir neçə qırmızı vərəqə də verilə bilərdi. Amma bəzi məqamlarla bağlı tam əmin də deyiləm".
Abasovun "Sumqayıt"ın ehtiyat skamyasının kasad olması ilə bağlı verilən suala cavabı isə bu cür olub: "Bu, zədəlilərlə bağlıdır. İki mərkəz müdafiəçimiz zədəlidir. Onlardan biri olsa, heyətdəkilərin azı biri ehtiyatda olar. Daha oyunçşu götürməyəcəyik. Transfer pəncərəsi bizim üçün bağlanıb. Kamran Əliyevin sənədləri düzəlsə, problem yaşamayacağıq. Analizlərə girsəm, adlar çəkməli olacam. Bu da paltardəyişmə otağında dediklərimlə düz gəlməyəcək. Qoy elə pozitiv olaq".
Sonda isə 45 yaşlı mütəxəssis baş məşqçisi kimi Azərbaycan çempionluğunu yaşadığı "Neftçi" haqda da danışıb: "Xeyr, “Neftçi” heç nə ilə diqqətimi çəkmədi. Biz bu gün daha yaxşı oynadıq. Bilirsiz ki, həmişə səmimi danışıram".