Laurentsiu Regekampf: "Belə sözləri şərh edə bilmərəm"

20:52 - 5 Fevral 2023

"Bizim üçün yaxşı oyun oldu. Əvvəldən sona qədər nəzarət bizim tərəfimizdə idi. Şanslar zamanı daha konsentrasiyalı olmalı və ötürmələri daha tez etməliyik. Hesaba görə o qədər də emosiyalarım çox olmadı. Bu inamı mənə futbolçularım verib. Meydana çıxma formaları məndə inam yaratdı. Bu cür davam etməliyik. Artıq ikinci oyundur, eyni heyətlə çıxış edirdik. Bu, komanda üçün çox müsbət haldır. Belədə, bir-birlərini daha yaxşı tanıyırlar və oyunumuz yaxşılaşmağa doğru gedir".

Sportal.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının "Neftçi" - "Sumqayıt" (2:0) matçından sonra ev sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf mətbuat konfransında deyib. 

Rumıniyalı mütəxəssis Samir Abasovun bu görüşdə "Sumqayıt"ın daha yaxşı oynaması ilə bağlı açıqlamasına münasibəti belə olub: "Buna nə cavab verim? Belə sözləri şərh edə bilmərəm. Oyuna baxmalı və nəticəni görməlisiz. Bu, onun fikridir və hörmətlə yanaşmalıyıq".

47 yaşlı məşqçi Eddi İsrafilovun yoxluğunda yarımmüdafiənin mərkəzində oynayan  Azər Əliyevdən razılıq bildirib: "Düşünürəm ki, bu mövqedə oynaya bilər. Daimi çıxış etdiyi mövqe sol cinahdır. Orada bizim üçün yaxşı oyunlar keçirib. Eddi bizimlə olmadığı üçün yerli oyunçuya ehtiyacımız var. Məncə, hazırda onu mərkəzdə oynatmaq ən yaxşı çıxış yoludur. Azərin oyunundan razıyam. İkinci oyundur, bu mövqedə oynayır və qələbə qazanırıq. “Sabah”a uduzmuşduq. Təlim-məşq toplanışından yeni qayıtmışdıq. Bizim üçün çətin oldu. Amma oyundan oyuna futoblçuların inamı artır və bir-birlərini daha yaxşı anlayırlar".

Xəbər xətti