"Bu cür oyundan və hesabdan sonra danışmaq çətindir. Optimist bir şey tapmaq istəyirdim, onu da ikinci yarıda gördüm. Komandada psixoloji gərginlik var. Bundan qurtula bilmirik. Tutduğumuz yer və məğlubiyyətlər rahat oynamağımıza imkan vermir. Futbolçuların içində qorxu var. Təzyiq altında oynayırsansa, mütləq qol buraxacaqsan. İlk qol zamanı iki müdafiəçimiz topu sadə şəkildə çıxarmaq əvəzinə, bir-birinə buraxması qapımızda qolla nəticələndi. Belə komanda ilə matçda geridönüş etmək çətindir. "Sabah" bu gün ən yaxşı futbol oynayan komandalardan biri və ya birincisidir. Hər mövqedə iki oyunçuya malikdir. Bu cür komandanın qarşısını almaq üçün planlarımız var idi. Amma fərdi səhvlər və tez buraxılan qollar, dönüş nöqtəsinin bitməsi demək idi. Paltardəyişmə otağında futbolçulara dedim ki, uduzmaq da olar, amma futbol oynamaq lazımdır. Şadam ki, ikinci yarıda yaxşı oynadıq, bir neçə qol epizodu yaratdıq. Komanda istədiyim futbolu ikinci yarıda göstərdi və gələcəyə nikbin baxmağıma ümid verdi. Qarşıdakı "Zirə" və "Neftçi" matçlarında bugün ikinci yarıdakı kimi oynasaq, uğurlu nəticə əldə edə bilərik. "Sabah"ı təbrik edirəm, layiqli qələbə qazandılar. Aldığımız qırmızı vərəqə isə yersiz idi".
Sportal.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 21-ci turunun "Sabah"la görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
- Rahid Əmirquliyevin qırmızı vərəqə ilə cəzalandırıldığı epizodu necə şərh edəcəksiz? Çatdırmadı, yoxsa əsəbi idi?
- Rahid sakit, əsəblərinə hakim olan futbolçudur. Top itkisindən sonra ehtiyatsız hərəkət etdi. Sürüşmə fəndinə getdi. İkinci sarıya oxşamırdı. Çünki hər iki tərəf mübarizə aparırdı. Hakimlər belə görüblər, heç nə deyə bilmərik. Bəlkə də, Rahid həmin mübarizəni udmaq istəyirdi. Oyun epizodunda mübarizə zamanı baş verdi.
- "Sabah"a qarşı hansı planı düşünmüşdünüz və onları niyə həyata keçirə bilmədiz?
- İlk 15 dəqiqəni sadə və etibarlı futbol oynamaq istəyirdik. Bu dəqiqələrdə "Sabah"ın istəyini, qığılcımını söndürməyə çalışırdıq. Vurulan iki qolda "Sabah" heç nə etmədi, özümüz yaratdıq. Özümüzə iki qol vurduq. Bundan sonra oyununu axarını, taktikanı dəyişmək çox çətin idi. Komandada 6 itki var. Geridönüş etmək çətindir. İrəli üçün kreativ oyunçu tapa bilmədim ki, onu buraxım meydana. Rəqib meydanda azlıqda qaldıqdan sonra hücumda çoxalmalıydıq, amma hücumçu olmadığına görə həmin dəqiqəyə qədər oynadığımız kimi də, qaldıq.
- AFFA-nın baş katibi Sərxan Hacıyev bildirmişdi ki, sonuncu pillədə qərarlaşacaq komanda Premyer Liqanı tərk edəcək. Ən real namizəd olduğunuza görə, əlavə gərginlik var?
- Real namizəd deyilik. Həm eləyik, həm də deyilik. Oyunumuzdan çox şey asılıdır. Hər oyun artırırıq. Bu gün ən yaxşı komandaya qarşı vuruşduq. Oyunumuza belə davam etsək, artırsaq, sonuncu olmayacağıq. Əminəm ki, sonuncu olmayacağıq. Transferə gəlincə, kimisə gətirib ehtiyatda oturtmaq düzgün olmazdı. Çox həssas yanaşıram bu məsələyə. Rəhbərlik tərəfdən problem yoxdur, nə qədər istəsək, kimi istəsək götürə bilərik. Amma adamın vicdanı olmalıdır. Qış bazarında futbolçular az olur. Hər gün 4-5 oyunçuya baxıram. Özümüzünkülərlə müqayisədə böyük fərq görmürəm. Biz sona qədər vuruşacağıq. Bir mövqe məni çox narahat edir. Fevralın 9-da "transfer pəncərəsi" bağlanır. Ona qədər alınsa, gətirəcəyik. Alınmasa, demək ki, belə qismət imiş.
- Ola bilər ki, futbolçular sırf kuboka motivasiya olub?
- Komandada A və B planı olur. Bizim əsas planımız sonuncu pillədən qurtulmaqdır. Kubok B planıdır. Çempionatda sonuncu yeri tutmaq, yoxsa kuboku götürüb avrokuboklara yollanmaq arasında seçim etsəm, kuboku qurban verərdim. Komandanın yaşaması, Premyer Liqada qalması üçün çox çalışırıq. Hər oyun finaldır. Eyni heyətlə, eyni stildə kuboka və çempionata hazırlaşacağıq.
Mirbağırağa