"Futbolçularım oyuna çox yaxşı köklənmişdilər. Birinci dəqiqədən etibarən aqressiv, sürətli futbol göstərdik. Önəmli olan üç xal idi, onu da əldə etdik. İkinci yarıda da dayanmadıq. Bugünkü oyunumuzdan razıyam".
Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 21-ci turunun "Səbail"ə görüşündən sonra deyib. Rusiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
- "Qarabağ"ın xal itirməsi sizə əlavə motivasiya verirdi?
- Xeyr. Bu barədə heç düşünmürdük. Sadəcə öz oyunumuza köklənirik.
- Komanda yarım saatdan sonra dayandı. Bunu nə ilə əlaqələndirirsiniz?
- Demək olmaz ki, rahatlaşmışdıq. Amma əlbəttə ki, aqressivliyimiz azalmışdı. Fasilədə də, uşaqlara dedik ki, artırmalıyıq. Oyunun nəzarəti bizim əlimizdə idi.
- "Neftçi" ilə oyununun ilk yarısından sonra da belə vəziyyət yaratmışdı...
- Ola bilər ki, biz 90 dəqiqə yüksək tempdə oynamaq istəyirik. Önəmlisi odur ki, intizamı itirmirik, oyunumuzu oynamağa davam edirik. Təəssüf ki, qırmızı vərəqə aldıq. Məncə, həmin epizod 50/50-ə idi. Hakim qırmızı göstərməyə bilərdi. Oyunumuzdan razı qaldım. Əsas odur ki, qapımızda qol buraxmırıq, intizamı sona qədər saxlayırıq.
- "Qarabağ"la oyunöncəsi futbolçunuz yersiz qırmızı vərəqə aldı?
- Yerli və ya yersiz kart olur? Biz heç vaxt qırmızı vərəqə ilə cəzalandırılmağımızı istəmirik. Ələlxüsus da, nəzarət bizim tərəfimizdə olarkən. Heç nədən qırmızı vərəqə aldıq. Amma ona qədər zəncirvari səhvlər var idi.
- "Qarabağ" xal itirdikcə, onlara yaxınlaşırsınız....
- Onlara çatsaq, bu barədə danışa bilərik. Amma beş xallıq fərq böyükdür.
- Komanda şən futbolla başlayır, finişə yaxınlaşanda, eniş yaşayır. Mövsümün sonuna qədər bu enişin yaşanmaması üçün reseptiniz var?
- Xeyr. Ümid edirəm ki, eniş olmayacaq. Amma enişin də səbəbləri var idi. Qışa qədər olan enişimizə baxın..."Şamaxı" ilə matçda hesabda öndə idik, rəqibin oyunçusu son anda qapıya asma etdi və qol oldu. Kubokda "Səbail"lə səfərdəki görüşdə Nicat Mehbalıyev heç nədən qırmızı vərəqə aldı. Bütün bunlar hamısı böyük yükləmələrə gətirib çıxarır. Amma futbolda hər an, hər şey dəyişə bilir. Biz konsentrasiyamızı itirməməliyik, "Neftçi" və "Qarabağ"la aramızdakı xal fərqinə fikir verməməliyik. Regionlarda oynamaq çətindir. İki gün əvvəl gördük, "Qarabağ"ın "Kəpəz"lə səfər matçı necə çətinlik çəkdi.
- Transfer gözlənilir?
- 99 faiz yeni transfer olmayacaq. Çünki hazırda heç danışıq da getmir. Kimi gətirmək istəyirdiksə, alınmadı. Böyük ehtimalla alınmayacaq.
Mirbağırağa