Azərbaycan milli komandasının forvardı, icarə əsasında "Dinamo"dan "Konyaspor"a keçən Mahir Emreli "CBC Sport"a açıqlama verib.
Sportal.az xəbər verir ki, forvard Türkiyəyə yollanması haqda bunları deyib: "Konyaspor"un mənimlə öncədən maraqlandıqlarını bilirdim. Amma ortada konkret bir şey yox idi. "Dinamo" məni buraxmaq niyyətində deyildi. Amma mənim də "Konyaspor"a keçməkdə marağım var idi. Menecerim mənim fikrimi öyrənəndən sonra artıq işin üzərində işləməyə başladılar və sonda keçid baş tutdu".
O, "Dinamo"dakı karyerasını belə dəyərləndirib: "Dinamo" çıxış edə bilmədim ki, razı qalıb-qalmadığımı deyim. Oynamamağımın səbəbi...İlk dəfə və rahatlıqla deyirəm ki, mən tərəfdən üzərimə düşən hər şeyi doğru zamanında, düzgün şəkildə yerinə yetirirdim. Sadəcə baş məşqçinin qərarı belə oldu. Sözdə bir şey eşidirdim, əmələ gələndə başqa şey görürdüm".
Emreli gələcək karyerası haqda isə qərar vermədiyini bildirib: "Dinamo"ya qayıtmaq və ya "Konyaspor"da davam etmək barədə heç bir düşüncəm yoxdur. Bu gün "Konyaspor"dayam və bu komandanın uğurları üçün çalışacam. Gələcəkdə bizi nələr gözləyir, gələcəkdə görəcəyik. Bir komandada oynayıramsa, hansısa komandanın diqqətini cəlb etmək düşüncəm olmayıb. İntizamlı olaraq məşqlərimi yerinə yetirirəm, oyunlarımı keçirirəm. Komandaya faydalı olmağı düşünürəm. Hər bir idmançı hər zaman gərək üzərinə düşəni etsin".
Mirbağırağa