Qurban Qurbanov: "Çox istəyərdim ki, 90 dəqiqədə yaxşı nəticə əldə edək"

22:35 - 21 Fevral 2023

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandası Belçikaya yollanmamışdan əvvəl Heydər Əliyev adına Beynəlxalq hava limanında "CBC Sport" və İTV kanallarına açıqlama verib.

Sportal.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Konfrans Liqasının pley-off mərhələsinin "Gent"ə qarşı cavab oyunundan əvvəl komandasının durumu barədə danışıb: 

"Ümumi vəziyyət pis deyil. Sadəcə bu həftə komanda olaraq tam istədiyimiz kimi hazırlaşa bilmədik. Çempionat oyununda da rotasiyalar etmişdik. Fərqli-fərqli qruplarda çalışdıq. Hər halda, bizim üçün önəmli olan futbolçuları bu oyuna minimum fiziki sarıdan yaxşı hazırlamaq idi. "Gent"lə oyunda daha çox güc sərf etmək lazımdır. Çünki rəqibin fiziki durumu yaxşıdır, dinamik komandadır. Ona görə bəzi oyunçularımıza son turda istirahət vermişdik. Marko Yankoviç səfər matçında olmayacaq. Bu, bizi bir az narahat edir. Digər oyunçuların hamısı hazırdır. Sabah da məşqimiz olacaq. Ümumi durum pis deyil".

Qurban Qurbanov "Gent"lə cavab görüşü əlavə vaxta gedəcəyi təqdirdə, buna hazır olduqlarını bildirib: "Əgər belə hal yaşanarsa, buna məcburuq. Çünki şərtlər hər iki komanda üçün eyni olacaq. Buna hazır olmalıyıq. Amma çox istəyərdim ki, 90 dəqiqədə yaxşı nəticə əldə edək".

Mirbağırağa

 

Xəbər xətti