"Tərlan Əhmədov çıxıb mətbuata deyir ki, mənim torbamı tikirlər, azarkeşləri öyrədirlər"

12:25 - 22 Fevral 2023

"Kəpəz" son turda qələbə qazansa da, komandanın oyunu ilə bağlı narazılıqlar çoxdur. Xüsusən də azarkeşləri qane etmir. Tərlan Əhmədovun gəlişindən sonra müəyyən irəliləyişlər olsa da, son vaxtlar Gəncə klubu daha çox təzyiqlərlə üzləşməkdədir. Artıq bir sıra fanatlar, xüsusən də "Xəmsə” fanklubunun üzvləri Əhmədovun istefasını tələb edir. Maraqıdır, bəs narazılıqlar nədən ibarətdir? Azarkeşlər baş məşqçinin istefasını nə üçün istəyir?

Sportal.az xəbər verir ki, "Xəmsə" fanklubunun üzvü Müşviq Məmmədov "Qaynarinfo"ya açıqlama verib və bunları deyib: 

"Durum haqqında yaxşı heç nə demək olmaz. Komanda sonuncu pillədə gedir. Tərlan Əhmədov yeni gələndə oyun baxımından irəliləyiş oldu. Sonradan qeyri-məqbul nəticələr göstərməyə başladılar. Sonuncu turda "Şamaxı”nı məğlub etdik. Bu komandan çoxdan udmalı idik. Şamaxıda heç-heçə etmişdik. Xal ala biləcəyimiz rəqiblər ətrafımızda olanlardır. Ən azı bu rəqiblərdən xal almalıyıq ki, Birinci Diviziona düşməyək. Tələblərimiz odur ki, söz-söhbətlər bitsin. Komanda nəticə verən oyun göstərsin. Ola bilər 10 oyun uduzmayaq, heç-heçə edək. Ancaq başqaları qələbə qazanıb bizi keçəcəklər. Bundan sonra çətin rəqiblərlə oyunlarımız irəlidədir".

Məmmədov Tərlan Əhmədovu "Kəpəz”in baş məşqçisi kimi görmək istəməmələrinin səbəbini də açıqladı: "Mediadan da izləyirik, görünən odur ki, onun hamı ilə qalmaqalı var. Təkcə bir-iki nəfərlə problemi olsa, deyə bilərdik ki, günah məhz həmin futbolçulardadır. Amma birdən-birə 10 nəfəri günahlandıra bilmərik. Yəqin ki, xarakterində problem var. Bu hadisələrin kökü gedib ona bağlanır. Baxın, deyirlər ki, qış fasiləsində oyunçu alınmadı. Halbuki ən çox futbolçu "Kəpəz”ə gəlib. Ola bilər statistika aparmırlar. Komandaya 5-6 yeni oyunçu transfer edilib. Gələnlərin də arasında oyun stilini dəyişə biləcək futbolçu yoxdur. Onlardan cəmi ikisi əsas heyətdə yer alır ki, biri qapıçıdır. Sisse gələndən zədəlidir. Oyunçunu gətirən adam cavabdehlik daşıyır. Mövsümün sonunda biz istəmədiyimiz yeri tutsalar, o zaman görün nə olacaq. Düzdür, "istefa” səsləndirməklə onlar vəzifəsindən istefa verəsi deyil. Ancaq kimsə orada əbədi olduğunu düşünməsin”.

"Kəpəz”də kimi görmək istəyərsiniz” sualını gəncəli fanat bu cür cavablandırdı: "Yaxşı oyun görmək istəyirik. Hamı "Kəpəz”in problemlərindən yazır. Bunlar, elə bilirsiniz, azarkeşlərə təsir etmir? Bunlar hamısı bir müddətlikdir. Sonda hər şey azarkeşin başında çatlayır. Əlbəttə, klub rəhbərliyinin də günahı var. Vaxtında stola yumruq vursaydılar, klub daxilində olanlar çölə çıxmazdı. İlk növbədə bunlara rəhbərlik səviyyəsində nəzarət olunmalı idi. Vəziyyət axarından çıxıb. Belə söz-söhbətin tərəfdarı olmayan tərəf elə birinci özümüzük. Ancaq bu gün azarkeşlərə də qara yaxırlar. Bu söz-söhbətlərin sonu olmalıdır. Ya birdəfəlik barışsınlar, ya da ayrılsınlar. İlqar Nadiri hər dəfə hamını sülhə çağırır. Amma baxırsan ki, klubun içində kimlərsə artıq hərəkətlər edir. Deməli, belə insanlara heç nə demirlər. Bu da rəhbərliyin zəifliyidir. Torba tikmək məsələləri, yerlibazlıq olmasını istəmirik. Bizi bu söz-söhbətlər daha çox narahat edir, nəinki oyun. Çünki oyun baxımından irəliləyişi görürük. Günahkarı çıxarsınlar, başlarını salıb işləsinlər, biz də azarkeşliyimizi edək. Tərlan çıxıb mətbuata deyir ki, mənim torbamı tikirlər, azarkeşləri öyrədirlər. Bir nəfər çıxsın, mənə desin ki, kimlər öyrədir. Sosial şəbəkədə profilim açıqdır. Ancaq azarkeşlər haqqında kimlərsə saxta profillər vasitəsilə yazır. Həmin insanlar bizim əleyhimizə yazır, amma Əhmədovu tərifləyir. Belədə mən niyə həmin insanların məhz Tərlan tərəfindən öyrədildiyinə şübhələnməyim? Mən də iddia edirəm ki, həmin insanları Tərlan öyrədir. Baxın, feysbukda xeyli saxta profillər var. Kim yerlibazlıq edir? Heç kimin tərəfini tutub ad çəkmək istəmirəm. Çünki səhv başa düşülər. "Kənardan müdaxilələr olur” kimi söz-söhbətlər həmişə var. Kim kimin işinə müdaxilə edə bilər? Belədirsə, deməli, nəyisə düz etmir”.

Ötən oyunda "Kəpəz”in futbolçuları Yusif Nəbiyevlə Tural Axundov digər komanda yoldaşlarını azarkeşlərin yanına getməyə qoymamışdı. Bu səbəbdən növbəti oyunlarda azarkeşlər tərəfindən hansı addımlar atılacağı ilə bağlı Gəncə təmsilçisinin fanatı bunları dedi:

"Söhbət təkcə qələbə qazanmaqdan getmir. Sonuncu oyunda Tural Axundovla Yusif Nəbiyev legionerləri və digər oyunçuları azarkeşlərin yanına getməyə qoymadı. Gəncədə indiyə qədər heç kim azarkeşə bu cür arxa çevirməmişdi. İnanırıq ki, bu məsələ rəhbərlik səviyyəsində həll olunacaq. Olmasa, özümüz o futbolçuların cavablarını verəcəyik. Hazırda həmin futbolçulardan geridönüş gözləyirik. Çünki sabah uduzanda, deyəcəklər ki, azarkeşlər bizə təzyiq edirdi. Niyə komandanın uduzmasını istəməliyik? Sən uduzacaqsan, sabah "Kəpəz” Birinci Divizyona düşəcək və gedəcəksən. Sonda yenə biz qalacağıq. Gəncədə heç vaxt belə xaos olmamışdı”.

Xəbər xətti