İlkin Fikrətoğlu: Azərbaycan futbolunun etalonu - VİDEOSÜJET

13:55 - 23 Fevral 2023

Bu gün, fevralın 23-ü Azərbaycan futbolunun bütün dövrlər üzrə ən yaxşı futbolçusu sayılan Anatoli Banişevskinin doğum günüdür.

 

Yaşasaydı, 77 yaşını tamamlayacaqdı.

 

Amma "Neftçi"nin əfsanəvi "9 nömrəsi", dünya və Avropa çempionatlarında oynamış YEGANƏ bakılı artıq 26 ildir aramızda yoxdur...

 

1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Anatoli Banişevski “ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.

 

1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb.

 

SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) “Neftçi”li “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

 

SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb.

 

Afrika ölkəsində işlədiyi zaman ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. O, ölümündən bir il əvvəl “Şöhrət" ordeni ilə təltif olunub.

 

Sportal.az Sportinfo.az-a istinadən İlkin Fikrətoğlunun 2 il əvvəl mərhum futbolçumuzun 75 illik yubileyində hazırladığı geniş videosüjeti bir daha təqdim edir.

 

Xəbər xətti