"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola mövsümün sonunda Premyer Liqa çempionluğu uğrunda mübarizədə "şəhərlilər"in təcrübəsinin həlledici olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.
Sportal.az xəbər verir ki, İngiltərə mətbuatına danışan ispaniyalı mütəxəssis “Arsenal”dan iki xal geridə olmalarına baxmayaraq komandasına inandığını deyib:
"Bu təcrübə çox şeyi müəyyən edə bilər, amma bilmirəm. Reallıq budur ki, hər mövsüm tamamilə fərqli alınır. Mən həmişə öz futbolçularıma Çempionlar Liqasının finalı - "Liverpul" - "Milan" matçını nümunə göstərirəm. Hansı ki, “Liverpul” Rafael Benitesin rəhbərliyi altında “Milan”la görüşdə məşhur geridönüşü etdi.
"Milan" fasiləyə 3:0 öndə getmişdi. Onların heyətində Paolo Maldini, Kafu, Cennaro Qattuzo kimi təcrübəlilər, Karlo Ançelotti kimi baş məşqçi var idi. Ancaq nəticədə onlar məğlub oldular. Mənim kiçik təcrübəmə görə, siz nəzarətdə olduğunuzu düşünəndə və nə baş verəcəyini dəqiq bildiyiniz zaman reallıq üzə çıxa bilər".