Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də Yunanıstanla qarşılaşacaq Azərbaycan millisinin bu gün mətbuat üçün açıq məşqi keçirilib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, məşqdən əvvəl isə milli komandanın baş məşqçisi Joze Alesio Da Silva və qapıçı Rövşən Hüseynli jurnalistlərin suallarını cavablandırıb. Braziliyalı mütəxəssis bu cür danışıb:
"Hazırlıqla bağlı vaxt məhdudiyyəti var. Bu da FIFA-nın rəsmi oyunlar üçün ayırdığı vaxtın azlığından qaynaqlanır. Cəmi 5 məşq keçirəcəyik. Buna görə də yoldaşlıq oyununda da gücümüzü sınaya bilmədik. Çalışacağıq ki, qısa müddətdə oyunçulara istədiklərimizi aşılayaq. Rəqibimiz Yunanıstanla son 2 ildə 3 dəfə qarşılaşmışıq və onları məğlub etmişik. Yunanıstan yığması üçün mübarizə artıq başa çatıb. Onlar qrupda keçirdikləri 3 oyunun hamısında məğlub olublar. Yəqin ki, çalışacaqlar son görüşdə xal qazansınlar. Biz isə Yunanıstanla yanaşı, Polşa ilə duel üçün də hazırlığımızı davam etdiririk.
Fineonun yüngül zədəsi var. Amir Şojae isə son matçda zədələnib. O, komandanın sıralarına qoşulmayıb. Onun yoxluğu planlarımıza ciddi təsir etməyəcək. Digər oyunçularımız tam sağlamdır".
Millinin qolkiperi isə hazırlıq barədə bunları deyib: "Meydana qələbə üçün çıxacağıq. Polşa ilə səfər oyunöncəsi 3 xal bizim üçün vacibdir. Yunanıstan millisinin növbəti mərhələyə çıxmaq üçün heç bir şansının olmaması bizi arxayınlaşdırmayacaq. Çünki asan oyun və rəqib yoxdur. Bu oyun həm də reytinq xalına təsir edəcək. Ona görə qələbədən başqa heç nə haqda düşünmürük".