AFFA-nın baş katibi: "Futbolun inkişafı regionlarda da davam edir"

10:58 - 7 Mart 2023

AFFA-nın növbəti hesabat konfransı keçirilir.

Sportal.az xəbər verir ki, tədbirdə çıxış edən qurumun baş katibi Sərxan Hacıyev 2022-ci ildə görülmüş işlər haqda məlumat verib:

"Ötən hesabat ili AFFA üçün əlamətdar oldu. 1992-ci ildə təsis olunmuş qurum yubileyini keçirdi. Bununla bağlı müxtəlif tədbirlər təşkil olundu. 

Ölkəmizdə idman dövlət səviyyəsində, birbaşa ölkə başçısı tərəfindən diqqətdədir. Bu qayğıdan futbol da yan keçmir. Futbol ictimaiyyəti də hər il olduğu kimi, ötən il də ölkə başçısının xüsusi qayğısını gördü. Bu mövsümdən başlayaraq Premyer Liqa klubları arasında stabil maliyyəşməni təmin etmək üçün hər kluba 3 milyon manat olmaqla dövlət tərəfindən ümumilikdə 30 milyon manat vəsait ayrılmışdı. Həmçinin ötən il 13 apreldə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov şöhrət ordeni ilə təltif edildi. 30 illik yubileylə bağlı futbol ictimaiyyətinin bir qrup üzvü cənab prezident tərəfindən müxtəlif adlar və tərəqqi medalı ilə təltif olunmuşdu. Buna görə ölkə rəhbərliyinə və Gənclər və İdman nazirliyinə təşəkkür edirik. 

Premyer Liqada klub sayı 10-a çatdı, futbol coğrafiyası genişləndi. "Turan Tovuz" və “Kəpəz” yüksək liqada çıxış etməyə başladılar. Bu, o deməkdir ki, futbolun inkişafı regionlarda da davam edir. Bu faktı irəliyə atılmış addım kimi görürük. Yığmamız öz nəticələri və məzmunlu oyunu ilə bizləri sevindirib, son 5 oyunda qələbə qazanıb. Arzu edirik ki, bu qələbələr AVRO-2024-ün seçmə mərhələsində də olsun. 

Konyada keçirilən İslam Həmrəyliyi Oyunlarında uğurlu nəticələrimiz oldu. Yığmamız orada üçüncü yeri tutdu. Komandanın formalaşması baxımından çətinlik var idi. Amma komanda formalaşdı və məşqçi heyətinin, futbolçuların əzmkar hazırlığını nəzərə alaraq uğurlu nəticə əldə etdilər. 

Uğurlu nəticələrdən danışarkən “Qarabağ”ı qeyd etməliyik. Komanda ötən illərdə olduğu kimi avrokuboklarda zəfər yürüşündə oldu. Polşa, İsveçrə, Macarıstan çempionlarını məğlub etdi. Avropa Liqasından sonra Konfrans Liqasına yollandı. “Gent”lə matçda təəsssüflər olsun ki, idman xoşbəxtliyi çatışmadı ki, yeni uğura, ilkə imza atsın. Lakin biz əminik ki, növbəti illərdə həm “Qarabağ”, həm də digər klublarımız uğurlu nəticələrlə bizi sevindirəcək.

Premyer Liqadan söz düşmüşkən, ötən il VAR sisteminin tətbiqi ilə yadda qaldı, əlamətdar oldu. VAR sistemi uzun hazırlıq prosesi keçdi. Müəyyən çətinliklər var idi. Əsas çətinlik pandemiya idi. Müəyyən gecikmələr olurdu. Bunlara baxmayaraq, bu ildən etibarən VAR tətbiq edildi. Biz bu sistemin müsbət tərəfini görürük. Əlbəttə ki, müəyyən məqamlarda nüanslar, çatışmazlıqlar olur. Bu da normaldır. Vaxt keçdikcə, əminik ki, bu məsələlər də öz həllini tapacaq.

FİFA referimiz Əliyar Ağayev bu mövsüm Azərbaycan tarixində ilk dəfə olaraq Çempionlar Liqasında oyun idarə etdi. Müsbət qarşılandı idarəçiliyi. Bu, həm Əliyara, həm də digər hakimlərimizə də Avropada yol açacaq.

“Turan Tovuz”a aid şəhər stadionu, "Bayıl Arena"nın ot örtüyü dəyişdirildi, yeni süni örtüklər quraşdırıldı. Həm də Gəncədə iki məşq meydançası salındı. Eyni ərazidə də, təlim-məşq bazası inşa olunur. Yaxın vaxtlarda hazır olması nəzərdə tutulub. Digər istiqamətlərdə də işlər görülür".

Mirbağırağa

Xəbər xətti