"Neftçi"nin futbolçusu Ramin Nəsirli və "Turan Tovuz"un yarımmüdafiəçisi Nazim Həsənzadə Latviyanın "Dauqavpils" klubuna keçib.
Sportal.az xəbər verir ki, hər iki futbolçu adıçəkilən klubda icarə əsasında çıxış edəcək.
Onların Latviya klubuna keçidində vasitəçi olan azərbaycanlı futbol agenti Erkin İbrahimov bununla bağlı saytımıza açıqlama verib. İbrahimov Raminlə Nazimin Latviyada özlərinə uğurlu karyera quracağına inandığını bildirib:
"Bəli, hər iki futbolçu artıq müqavilə imzalayıb. Onların Latviya klubuna keçidi "transfer pəncərəsi"nin bitməsinə saatlar qalmış baş tutdu. "Dauqavpils"də icarə əsasında oynayacaqlar. Ramin ilin, Nazim isə mayın sonuna qədər icarəyə verildi. Xeyirlisi olsun. Hər iki futbolçu Latviya çempionu olan RFS-ə qarşı yoxlama görüşündə çox yaxşı təsir bağışladılar. Düzdü, rəqib tam əsas heyəti ilə oynamırdı. Amma avrokuboklarda bu mövsüm "Fiorentina" ilə 1:1 bitən görüşdə oynamış futbolçulardan beşi start heyətində meydana çıxmışdı. Ramin və Nazim çox yaxşı təsir bağışladı, çox bəyənildilər. İlkin təəssürat çox yaxşıdır. Məncə, burada oynamaq onlar üçün xoşdur. Çünki yaxşı qarşılandılar. Həftənin sonunda çempionat start götürür".
Futbol agenti gənc futbolçularımıza legioner həyatı yaşamaq üçün şans tanıtmağa çalışdıqlarını bildirib: "Neftçi” və “Turan Tovuz” klublarına təşəkkürümü bildirirəm. Bu işlərin təşkilində, gənclərin xaricə yollanmasında AFFA-nın da rolu var. Klublar və federasiya ilə yanaşı, biz də çalışırıq ki, potensial gördüyümüz gənc futbolçulara Avropada oynamaq üçün şans tanıdaq. Ümidvaram ki, hər şey yaxşı olacaq".
Mirbağırağa