"Ayntraxt"la "Qarabağ"ı müqayisə etsək, şans onların tərəfindədi" MÜSAHİBƏ

17:47 - 9 Avqust 2013

Qurban Qurbanov: "Kloppla bir o qədər də açıq münasibətimiz yoxdu"
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Sportal.az saytına müsahibəsi
 
- Avroliqanın “play-off” mərhələsində “Qarabağ”ın rəqibi "Ayntraxt" oldu...
- Bəli, rəqibimiz “Ayntraxt” oldu. Digər şeylər barədə deyil, indidən bu rəqib haqqında düşünməliyik. 
 
- Almaniya klubları bizim komandalara nisbətən güclüdü. "Sizcə, “Ayntraxt”ı keçmək olarmı?
- Belə deyək də çətin komandadı. Hamımız bilirk ki, Bundesliqa hansı səviyyədə çempionatdı. Belə deyərdim, bəlkə də son illərdə ilk yerlərdə olan çempionatdı. Bizim üçün yaxşı və ağır rəqibdi. Əlbəttə, bu gün şanslarımıza baxsaq, Bundesliqa ilə bizim çempionatı yan-yana qoysaq və ya “Ayntraxt”la “Qarabağ”ı müqayisə etsək, əlbəttə, şans onların tərəfindədi. Amma biz əlimizdən gələni etməyə çalışacağıq. Həm də ilk oyun evdədi. Rəqibi düzgün analiz edib, ciddi yanaşıb ən azından azarkeşlərimizi sevindirməyə çalışacağıq. 
 
- “Qarabağ” ilk oyununu evdə keçirəcək. İlk oyunu evdə, yoxsa səfərdə oynamaq daha rahatdı?
- Belə oyunlarında səfər daha şanslı sayılır. Amma biz artıq öyrəşmişik. İlk oyundan başqa digər iki oyunun ikisini də evdə oynadıq və uğurlu nəticə əldə etdik. Buna görə də hardasa bir az öyrəşmişik. Rəqibdən də çox şey asılıdı. Bəlkə də hansısa rəqiblə səfərdə oynamaq daha yaxşıdı və ya əksinə. Düşünürəm ki, hər iki oyun bizim üçün yaxşı olacaq. Məncə, belə bir komanda ilə ilk oyunun evdə olması pis deyil. Ən azından hamı üçün yaxşı oyun göstərməyə çalışacağıq. 
 
- Bildiyimizə görə, Avropanın aparıcı çempionatlarını izləyirsiz. Almaniya Bundesliqası da onların arasındadı. Ötən mövsüm “Ayntraxt”ın oyunlarını izləmək şansınız olub? 
- Açığı, bəlkə də baxmışam, amma elə də diqqətli olmamışam. Daha çox “Borussiya”nın oyunlarına baxırdım. Buna görə də "Ayntraxt"ın oyununa baxsam da, bir elə fikrimdə qalmayıb. Amma oyuna kimi onların bir yox, çoxlu sayda oyunlarına baxacağıq. 
 
- “Borussiya” ilə “Ayntraxt”ı oyun üslublarına görə necə müqayisə edərsiz?
- Bundesliqada demək olar ki, çox komandada oyun sistemi eynidi. Bu gün “Borussiya”, “Bavariya” digər komandalardan seçilir. Ona görə də hazırda bir o qədər onları müqayisə edə bilmərəm. Çünki oyunlarına tam bələd deyiləm. 
 
- “Qarabağ”ın ard-arda oyunları var. Çempionatın növbəti turunda “Sumqayıt”la oynayacaqsız. Həmçinin futbolçular millinin toplanışına gedəcək. Bu məsələlər sizə problem yaratmayacaq ki?
- Ola bilər ki, hardasa sıx qrafiklə oynayaq. Daha doğrusu, sıx qrafiklə oynayacağıq. Bu oyunu gözləyirdim. Görək oyun harda olacaq. Ən düzünü etməyə çalışacağıq. Çünki get-gedə bu qrafikə uyğunlaşmalıyıq. 3-4 gündən bir oyunlar keçirməyə öyrəşməliyik. Bunun bu gün bir o qədər də təsiri olmamalıdı. Əksinə, rəqibi düzgün tanıyıb, onlara qarşı düzgün oyun qurmağa çalışmalıyıq. 
 
- Bizə məlumdu ki, Dortmund “Borussiya”ının baş məşqçisi Yurgen Kloppla yaxın münasibətiniz var. Ondan rəqib haqqında hansısa məlumatlar alacaqsız?
- Kloppla bir o qədər də açıq münasibətimiz yoxdu. Bəli, görüşmüşük. Amma o dərəcədə yaxın münasibətimiz yoxdu. Digər tərəfdən elə bir vaxtdı ki, kimdənsə hər hansı bir rəqib haqqında məlumat toplamağa o qədər də ehtiyac qalmır. Hansı analizi istəsən, televiziya, verilişlər vasitəsilə əldə etmək və rəqibi yaxından tanımaq, analiz etmək olur. Heç kimdən hər hansı məlumat toplamağa düşünmürəm ki, ehtiyacımız var. 
 
- Çempionat oyununda əsas heyət oyunçularına istirahət verəcəksiz?
- O sonranın işidi. Belə oynamağa çalışırıq. Bəlkə də bir neçə nəfəri, tam hazır olmayanları, bizə gec qoşulanları bəzi oyunlarda qorumağa çalışırıq. Amma belə oynayacağıq. 
 
- Bəs milli komandaya “Qarabağ” futbolçuları gedəcək?
- Əlbəttə. Ayın 11-dən sonra gedəcək. 
 
Raifə İBRAHİMOVA

Xəbər xətti