"Qurban Qurbanovda olan bacarıq Allah vergisidir"

18:55 - 9 Avqust 2013

İlqar Həmzəyev: "Çox istərdim ki, Azərbaycan milli komandasının baş məşqçisi o olsun"
 
“Sözün düzü, Qurban Qurbanov dünən “Gefle” ilə oyundan sonra məni utandırdı. Mən 4-5 il bundan öncə onun arxasınnan çox danışmışam. Amma dövran, vaxt dəyişdi və göstərdi ki, Qurbanov düzgün yoldadır. Mənim kimi azarkeşlərə sübut etdi ki,  o, həqiqətən də Avropa səviyyəli məşqçidir. Belə məşqçilər Azərbaycana 100 ildən bir gəlir. Bu Allah tərəfindən verilən vergidir. Dünən Qurban Qurbanov bu qələbə ilə Azərbaycan xalqına Ramazan bayramı hədiyyəsi bəxş etdi".
 
Sportal.az xəbər verir ki, bu sözləri azarkeş İlqar Həmzəyev deyib. Həmzəyev bu qələbəni əsl bayram kimi qarşıladığını bildirdi:
 
"Bu günki püşkdən sonra hesab edirəm ki, Qurban Qurbanov öz oyun üslubu, əzmkarlığı ilə “Ayntraxt”ı keçəcək. Çox adam düşünür ki, “Zalsburq”, “Nordşelland” kimi klublar düşərdi. Məncə, “Ayntraxt”ın düşməyi daha yaxşı oldu ki, Qurbanov öz bacarığını və istedadını futbolçularına aşılayıb alman təmsilçisini məğlub edəcək və Avropa Liqasının qrup mərhələsinə düşəcək. Dünən mən oğlumla bir yerdə “Gefle” ilə oyuna baxdıq və həzz aldıq. Çox istərdim ki, Azərbaycan milli komandasının baş məşqçisi  Qurbanov olsun. AFFA rəhbərliyində çalışan insanlar ona dayaq durardı və ölkəmizi layiqincə təmsil edərdi. Heç bir yerli mütəxəssisin xətrinə dəyməsin, Qurban Qurbanovda olan bacarıq Allah tərəfindən verilən vergidir. 
 
Mən sizi 100% əmin edirəm ki, Bakıdakı oyunda stadion dolacaq. İki oyunun nəticəsinə görə “Qarabağ” bu mərhələni qalib başa vuracaq.  Başda Qurban Qurbanov və kapitan Rəşad Sadıqov olmaqla bütün “Qarabağ” klubunda işləyən insanları təbrik edirəm”. 

Xəbər xətti