Miro Varvodiç: "Qurban Qurbanov "Ayntraxt"la bağlı məndən məlumat almayıb"
"Qarabağ"ın qapıçısı Miro Varvodiçin Sportal.az-a müsahibəsi
- “Gefle” matçı ilə bağlı nə deyə bilərsən?
- İlk olaraq onu deyim ki, biz səfərə 1-0 hesabı ilə qələbə ilə getmişdik. Ancaq komanda oyuna ilk nəticəni unudub çıxmışdı. Baş məşqçinin verdiyi tapşırıqları layiqincə yerinə yetirə bildik. Lazım olan vaxtda hesabı açdıq. Rəqibin də təhlükəli epizodları oldu, ancaq biz rəqibə hesabı açmağa icazə vermədik. Çox ağır oyun oldu.
- Sən vaxtı ilə Almaniyada oynamısan. İndi isə “Qarabağ”ın pley-offda rəqibi alman komandası “Ayntraxt”dır. Bu barədə nə deyə bilərsən?
- Bəli, vaxtı ilə “Köln”də oynamışam. O vaxtlar “Ayntraxt”la qarşılaşmışdıq. Həmin oyunu 2-0 hesabı ilə qalib gəlmişdik. “Ayntraxt” güclü komandadır, amma biz də zəif deyilik. Rəqibin sürətli oyunu var. Biz bunlara diqqət etməliyik.
- Baş məşqçi Qurban Qurbanov “Ayntraxt”la bağlı səndən məlumat alıb?
- Yox, hələ heç nə soruşmayıb. Çünki hal-hazırda bütün diqqətimiz sabahkı “Sumqayıt”la oyundadır. Ancaq soruşsa, mən bildiyim məlumatları deməyə hazıram. Yəqin ki, baş məşqçi özü də onları ciddi təhlil edəcək
- “Ayntraxt”da ən güclü mövqe hansıdır?
- Mən hesab edirəm ki, rəqibin xüsusi ilə müdafiə xətti var. Unutmayaq ki, onların təcrübəli hücumçuları var, hansı ki, Aleksandr Mayer keçən mövsüm 16 qol vurmuşdu. Biz bu hücumçulara xüsusi ilə diqqət etməliyik. Rəqib sürətli futbola üstünlük verir. Ancaq bizdə də onlarla başabaş mübarizə apara biləcək oyunçular var.
- Demək olar ki, bütün futbol mütəxəssisləri “Ayntraxt”ı favorit sayırlar. Sən necə fikirləşirsən?
- Qoy onlar elə fikirləşsinlər, bizi zəif hesab etsinlər. Amma onu da deyim ki, "play-off"da favorit olmur. Biz meydanda çıxıb öz sözümüzü deyəcəyik. İnanmıram ki, rəqib bizi ciddiyə almasın və bizlə oyuna arxayın çıxsın. Komandada hal-hazırda elə əhval-ruhiyyə var ki, istənilən komandanı məğlub edə bilərik. Mən ümid edirəm ki, “Qarabağ” növbəti mərhələyə yüksələcək.
- Sabah “Sumqayıt”la qarşılaşacaqsınız. Bu oyuna hazırsız?
- Bəli, hazırıq. Sabah komandamız yalnız qələbə üçün meydana çıxacaq. Bu oyuna çox ciddi hazırlaşmışıq.
- Komandanız çox ağır oyun proqramı ilə oynayacaq. Bu sizi yormayacaq ki?
- Yox, inanmıram yorsun. Çünki baş məşqçimiz bilir necə məşq etmək lazımdır.
- Biz istər milli, istərsə də, klub səviyyəsində almanları heç vaxt məğlub edə bilməmişik. Səncə, bunun səbəbi nədir?
- Bu haqda bilirəm, “Qarabağ” bir neçə il əvvəl “Borussiya"ya (Dortmund) məğlub olmuşdu. Bu oyunda biz bu sindromu qıracağıq. Ancaq Almaniya millisi çox güclüdür, amma “Qarabağ” “Ayntraxt”la başabaş mübarizə edəcək bir komandadır.
Ayaz İBRAHİMOV
saytlarin hazirlanmasi