Bu xəbər "Rəvan"ın əlvida marşı idi
“İlin ən qeyri-ciddi qurumu” nominasiyası olsaydı, heç şübhəsiz ki, baş mükafat AFFA-ya təqdim ediləcəkdi. İl ərzində bu qədər qərar verib dəyişən ikinci qurum çətin ki, tapılsın bu ölkədə. Hərdən adama elə gəlir ki, bu adamların kabinetlərində ayrıca gülüş otaqları var. Hər dəfə futbol əhli ilə məzələnəndən sonra həmin ab-hava ilə xüsusi güzgülərə baxıb saatlarla gülürlər, sonra isə yeni-yeni avantürist qərarlar düşünürlər.
İcraiyyə Komitəsinin iclasından sonra media nümayəndələrinin qarşısına çıxan AFFA prezidenti Rövnəq Abdullayev açıqlama verdi ki, heç bir klub aşağı diviziona düşməyəcək, əksinə, Premyer Liqaya daha 3,4 klub yüksələcək. Ancaq bu söhbətin üstündən heç bir ay keçməmişdi ki, yeni qərar elan olundu. Sən demə, Rövnəq Abdullayev əlahəzrətləri zarafat edirmiş. Bir klubun Premyer Liqanı tərk etməsi mütləq imiş. Rövnəq Abdullayev zarafat edəndə gülən üzlər bu an acı, kinayəli və aciz baxışlarla əvəzləndi. Çünki bu xəbər “Rəvan”ın əlvida marşı idi.
Abdullayevin məlum çıxışından sonra çempionat oyunlarına önəm verməyən, kubokdakı çıxışlarına köklənən “Rəvan”ı futbol elitasından çox qəddarcasına itirdilər. Bunu o qədər açıq şəkildə etdilər ki... Klubun sahibi Nuru Əliyevin bu durumda nə düşündüyünü təxmin etmək çətin deyil. Cibinin pulunu xərcləyəsən, klub yaradasan, sonra da desinlər ki, sən lazım deyilsən.
Taleyin acı zarafatının məhz “Rəvan”la baş verməsi özü də bir hadisədir. Çünki ölkənin ən qeyri-ciddi qurumu AFFA-dırsa, ən qeyri-ciddi klubu da elə “Rəvan” idi. Baş məşqçi postunda “karusel” sistemi tətbiq eləyən, Salyanı paytaxtın boş tribunalarına dəyişən, illərboyu heç bir ciddi strategiyası olmayan bir klub kimi qalacaq yaddaşlarda “Rəvan”!
“Rəvan”ın mətbuat katibi, həmkarımız Elvin Yaqubovun klubdan uzaqlaşmasından sonra deyilən fikirlər isə tam ayrı mövzudur. Uzun illərdən sonra “Rəvan” bu sahədə iş görməyə başladı. Ki, Elvin bəyin simasında “Rəvan”ı təbrik etmək olardı. Əvəzində...
Emin Abbasov
P.S. AFFA gələn dəfə qərar açıqlayanda, ilk sualım belə olacaq – “zarafat deyilki?”
saytlarin hazirlanmasi