Hafiz Məmmədovu bir şəkildə təkləyə bilsələr də...
Artıq 3-cü ildir keçirilən “Qəbələ Kuboku” ildən-ilə daha maraqlı layihəyə çevrilir. Hər il Avropanın adlı-sanlı klubları Azərbaycana gəlir və “Qəbələ”nin simasında buralar onların təfəkkürünə (müsbət mənada) həkk olunur. Bu, kimlər üçünsə sevindirİcidir, kimlər üçünsə yox! Məsələ ondadır ki, AFFA-nın təşkil etdiyi “Caspian Cup” turniri “Gabala Cup”-ın kölgəsində qalır. Jurnalistlər, futbol ictimaiyyəti Qəbələyə gedir, Mərdəkana isə yox! AFFA-nın baş katibi Elxan Məmmədov bunu həzm edə bilməsə də, danışa da bilmir. Çünki qarşısında Tale HEYDƏROV var.
Bu həmin Elxan Məmmədovdur ki, “Bakı”nın “Atletiko” ilə əməkdaşlıq müqaviləsinə dair tədbir keçirdiyi günün səhəri çıxıb açıqladı ki, AFFA “Ayaks”la əməkdaşlıq müqaviləsi imzalayıb. Məsələnin mahiyyətinə agah olanlar bilirdilər ki, baş katib yalan danışır (Elxan Məmmədov bir neçə ay sonra təsdiqlədi ki, layihə baş tutmayıb). Məqsəd Hafiz Məmmədovla (guya ki) ayaqlaşmaq idi. Bu həmin AFFA-dır ki, “Atletiko” ilə “All stars of Azerbaijan” yığmasının qarşılaşmağına imkan vermədi. Klublara tapşırıldı ki, heç kim Hafiz Məmmədovun komandasına oyunçu verməsin. AFFA hər şey etdi ki, futbol bayramı yüksək səviyyədə alınmasın.
Hafiz Məmmədovu bir şəkildə təkləyə bilsələr də, bu dəfə daş qayaya rast gəlib. Ölkənin söz sahiblərindən olan Kəmaləddin Heydərovun oğluna qarşı kampaniya aparmaq nədir, bu fikri yalnız dilə gətirmək Elxan Məmmədova və onun ətrafına çox baha başa gələ bilər. Elə Məmmədovu da sıxan budur.
Onu da deyim ki, Tale Heydərovun “Qəbələ”sində müsbət məqamlarla yanaşı ciddi axsamalar da var. Görünən odur ki, Heydərov bütün işləri mərhələli şəkildə etməyin tərəfdarıdır. İnfrastruktur göz oxşayır. Akademiyaya yaradılan şəraitə də söz ola bilməz. Ancaq...
Premyer Liqanın son turunda “İnter”in heyətində meydana çıxan gənc futbolçuların oyununu diqqətlə izlədim. Coşqun Diniyev, Abbas Hüseynov, İlqar Ələkbərov, Azər Salahlı, İlkin Sadıqov. Kaxaber Sxadaze qorxmadan növbəti mövsüm bu uşaqları oynada bilər. “Bakı”nın bu mövsüm üzə çıxartıqlarına baxın – Namiq Ələsgərov, Vadim Abdullayev, Vüqar Musatafayev, Tural Qürbətov. Ki, heyətdəki Aqil Məmmədov və Şəhriyar Əliyev də “Bakı”-nın akademiyasından çıxanlardır. “Neftçi” finala Məqsəd İsayevlə çıxdı “Qəbələ”nin qarşısına. Bəs, “Qəbələ” bu illər ərzində kimləri bəxş edib Azərbaycan futboluna? Bir Müşviq Teymurov. O da hələ üzərində çox işləməlidir.
Tale Heydərov nümunə gətiriləcək məmur övladıdır. Savadı, davranışı, diaspora sahəsindəki fəaliyyətinə görə onun haqqında yalnız xoş sözlər deyə bilərik. Ancaq mənə elə gəlir ki, onun futbol haqqında bilgiləri yetərincə deyil.
Heydərov bilməlidir ki, Azərbaycanda ən istedadlı futbolçuları əlinə keçirən klub legionerlərə yox, yerli gənclərə güvənməlidir. Belə formatlı klublarda nəticə yox, iş önəmli olmalıdır. Komandanın başına elə məşqçi gətirilməlidir ki, gənclərlə işləməkdən qorxmasın. 3-4 səviyyəli legionerlə vəhdət təşkil edən gənclər ən pis halda 7, 8-ci yeri tutacaqlar. Lakin bu yolu seçsəz, 3-4 ildən sonra bu üsulla akademiyadan xeyli istedad çıxacaq. İndiki durumda isə nə əsas komandanız, nə də akademiyanız parlaq heç nə vəd eləmir. İllərdir həm legionerlərə, həm də akademiyaya xərclədiyiniz pullar havaya sovrulur.
Emin ABBASOV
saytlarin hazirlanmasi