"Bu illər ərzində bir nəfər də Avropa səviyyəli oyunçu çıxara bilməmişik üzə"
Son illər Azərbaycan futboluna böyük pullar yatırılsa da, müxtəlif yaş qrupları üzrə millilərimiz yerində sayır. İlboyu xarici ölkələrdə toplanışılarda, mütəlif turnirlərdə iştirak edirlər. Lakin U-17, U-19, U-21 yığmalarımız yenə bizləri pərişan eləyir.
Sportal.az saytına açıqlama verən “Qarabağ” U-16 komandasının baş məşqçisi Samir Musayev mövcud vəziyyətə belə şərh verdi:
“Son olaraq U-21 millimizin Norveçlə oyununa baxdım. Bu nə futboldu? Lippert kimi məşqçi ilə hara getmək olar? Norveç bizimkilərə futbol dərsi keçdi. Qara Qarayev, Elvin Yunuszadə, Tərlan Quliyev U-21-də oynamalı deyillər. Onlar əsas yığmada oynamalı, U-21-də isə daha gənc futbolçulara yer verilməlidir. Onsuz da nəticə yoxdur. Hər tsikl turnir cədvəlinin zirzəmisində oluruq. Belədirsə, U-21-də 19, 20 yaşlı uşaqlar oynasın.
Milli komandaların tez-tez xarici ölkələrə toplanışlara, turnirlərə yollanması yaxşı haldır. Ancaq bu uşaqlar hətta ildə 100 dəfə toplanış keçirsələr də, xeyri yoxdur. Çünki bu uşaqların təməli düzgün qoyulmayıb. Bu qədər sərmayə qoyulur, ancaq bu illər ərzində bir nəfər də Avropa səviyyəli oyunçu çıxara bilməmişik üzə. Bizim dövrdə 17 yaşında artıq yüksək liqada oynayırdıq. İndiki uşaqlara isə 17 yaşında top saxlamağı, ötürmə verməyi öyrədirik”.
saytlarin hazirlanmasi