"Qarabağ"ın pley-off üçün əksər potensial rəqibləri bəllidi

13:21 - 7 Avqust 2014

Komanda Avropa Liqasında qrup mərhələsini hədəfləyir

Ötən gün UEFA Çempionlar Liqasında mübarizəni dayandıran Azərbaycan çempionu "Qarabağ" da mübarizəni Avropa Liqasında davam etdirəcək. 

 

Sportal.az xəbər verir ki, Ağdam klubu pley-off mərhələsinə mübarizə aparacaq.

Bu mərhələdəki rəqibini keçəcəyi halda, təmsilçimiz qrup mərhələsində çıxış etmək şansı qazanacaq. Hansı ki, bu mərhələdə digər təmsilçimiz "Neftçi" də mübarizə apara bilər. Avroliqanın üçüncü təsnifat mərhələsində Gürcüstan "Çixura"sı ilə mübarizə aparan "ağ-qaralar" ev oyununda qolsuz heç-heçəyə razılaşdığı rəqibini bu gün səfərdə ya mütləq məğlub etməli, ya da qollu heç-heçəyə nail olmalıdı ki, pley-offa yüksəlsin.

Avroliqanın pley-off mərhələsində bütövlükdə 62 klub mübarizə aparacaq. Bu 62 klubdan 29-u üçüncü təsnifat mərhələsindən qalib ayrılanlar olacaq. 15 iştirakçı UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" kimi, məğlubiyyətlə üzləşən komandalar olacaq. Yerdə qalan 28 komanda isə Avroliqaya birbaşa pley-off mərhələsindən başlayanlardı.

Bu 62 iştirakçı pley-off mərhələsinin püşkatması ərəfəsində UEFA reytinqinə əsasən səbətlərə bölünəcəklər. Həm "Qarabağ", həm də "Neftçi"nin reytinq xalı o qədər də yüksək olmadığı üçün, onlar güman ki, daha zəiflərin yer aldığı səpələnməmişlər səbətində olacaqlar. Bir sözlə, komandalarımız özündən daha güclü rəqiblərlə qarşılaşmalı olacaq.

Səpələnmişlər arasında isə kifayət qədər nəhəng klublar var: İnter (İtaliya), Tottenhem (İngiltərə), Vilyarreal (İspaniya), Tvente (Hollandiya), Metallist (Ukrayna), PAOK (Yunanıstan), Seltik (Şotlandiya), Dnepr (Ukrayna), Trabzonspor (Türkiyə), Panatinaikos (Yunanıstan), Sparta (Çexiya), Borussiya (Münhenqladbax, Almaniya), Dinamo (Xorvatiya), Lokomotiv (Moskva, Rusiya), Rapid (Vyana, Avstriya), Sürix (İsveçrə), Nasional (Portuqaliya), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova).

Serbiyanın "Partizan", Fransanın "Sent-Etyenn", Rusiyanın "Rostov", Hollandiyanın "Zvolle", Belçikanın "Lokeren", Kiprin "Apollon" (Limassol), Hollandiyanın "Feyenoord", Macarıstanın "Debretsen", İsveçrənin "Qrashoppers" klubları da səpələnmişlər səbətində yer ala bilərlər. Amma onların hansı səbətdə yer alacağı tam olaraq pley-off mərhələsinin bütün iştirakçıları məlum olduqdan sonra dəqiqləşəcək.

Mübarizəyə birbaşa pley-off mərhələsindən başlamalı olan klublar arasında səpələnməmişlər səbətində yer alan klublar arasında isə "Qarabağ"la yanaşı Danimarkanın "Midtyilland", Qazaxıstanın "Aktobe", Kiprin AEL, Finlandiyanın HİK komandası var.

Qeyd edək ki, pley-offun oyunları isə 21 və 28 avqust tarixlərində baş tutacaq.

Xəbər xətti