Kifayət Qasımova: “Qadınlar millisinə heç vaxt baxmayıblar. Bir neçə il əvvəl bir az yaxşı idi. Avropa Oyunlarından isə heç baxmadılar. Mən zədələnmişdim. Çiynimdə ağır zədə var idi. Ya əməliyyat olunmalı idim, ya da o zədə müalicə ilə 6 aya sağalacaqdı. Yanvarın sonlarında zədə almışdım. Ondan öncə də 6 ay təlim-məşq toplanışı görməmişdim. Yaponiyaya aparmadılar. Dedik ki, heç olmasa, Sloveniyaya gedək. Orda da yaxşı toplanış olurdu. Əvvəllər görmüşük. Amma ona da şərait yaratmadılar və dedilər ki, pul yoxdur. Biz komanda yarışlarında tatamiyə çıxmaq istəyirdik. Lakin bizə imkan vermədilər. İcazə vermədilər ki, çıxar. Çünki komanda yarışlarında ümidli idik. Biri var tək-tək biri var komanda. Orda zəif komandalar vardı. Biz o görüşlərə çıxa bilərdik. Onlar özləri də bilir ki, hazırlığımız yoxdur. Ona görə də inanmırlar. Baş məşqçimiz bizi tatamidə qoyub gedirdi. Görüş bitən kimi baxırdıq, yoxdur. Əvvəllər yenə təlim-məşqə məni aparırdılar. Mənə tək qalmayım deyə Ramilə Yusubova da mənimlə gedirdi. O da ona görə gəldi dünya çempionatında 3-cü oldu".
Xanım Hüseynova: “Bu qədər komandadan ən uğursuzu cüdo oldu. Amma dünyada cüdo ən məşhur idman növlərindəndir. 18 idmançıdan 1 medal sadəcə gülməli idi. Halbuki ən azı 10-12 medal qazanmalıydıq. Biz yarışlara çıxmaq üçün kimano
tapa bilmirdik. Bilmirdik yarışı düşünək, ya kimanonu?”.
Aişə Qurbanlı: “Yarış günü tatamiyə çıxmaq üçün kimano verməli idilər. Təsəvvür edin ki, biz düşüb ondan bundan kimano axtarırdıq. Öz pulumuza gedib aldıq ki, kimanosuz qalmayaq. Kim bizdən nəticə tələb edə bilər ki? Mən 11 ildir ki, cüdodayam. Hələ görməmişəm ki, Füzuli Ələkbərov gəlib problemlərlə maraqlansın. Heç yarışdan öncə də bizimlə görüşmədi ki, nə probleminiz var. Avropa Oyunları bizim arzumuz idi. Burda medal qazanmaq istəyirdik. Bütün federasiyalar yarışdan öncə idmançılarını bir yerə yığmışdılar. Amma cüdoda belə şeylər olmadı. Bizi heç kim qınamasın”.
Xanım Hüseynova: “Mən “Neftçi İdman Klubu”nun idmançısıyam. Onlar da təkcə bizə maaş verir. Başqa heç bir şeylə maraqlanmırlar. Əslində onlar bunu etməməlidir. Dövlət hər il federasiyalara pul ayırır. Bəs, bu pullar hara gedir? Biz adi massaja belə öz cibimizdən pul verib gedirik”.
Nərgiz İbrahimova: “Yarışda komandanın həkiminə deyirəm ki, yaramı sarı. Deyir ki, onsuz da bir mərhələ keçib üstümüzə gələcəksən. "Niyə sənin ayağına baxım ki?" Təsəvvür edin biz Bakıda zallarda məşq edirik. Orda da bizimlə çıxan rəqiblər hamısı gənclərdir. Onlarla da güləşəndə zədə alırıq. Mənim qolum yarışdan öncə əzilmişdi. Avqustda Qazaxıstanda cüdo üzrə dünya çempionatı var. İnanmıram ki, ora bizi aparsınlar. Rio-de-Janeyro Olimpiadasına lisenziya qazanmaq mümkün olacaq”.
Aişə Qurbanlı: “İsmayıllıda cüdo üçün yaxşı baza var. Bizi ora belə aparmadılar. Baş məşqçimiz İbadulla Şahbanov yarış günü federasiya ilə dava edirdi ki, kimano söz vermisiz, heç olmasa, onu verin, yenə də xeyri olmadı. Baş məşqçi biz tatamiyə çıxanda uzaq dururdu ki, bilirdi uduzacağıq. Çünki hazırlığımız bərbad idi. Mən yarışlarda birinci mərhələni sırf öz istəyimə görə keçdim. İkinci məhələdə isə fiziki gücüm çatmadı ki, rəqibi 50 saniyə saxlayım. Cüdo üzrə millinin baş məşqçisi Hacı Əhmədov deyib ki, qızlarla bağlı danışmaq istəmir. Səbəbini isə mən bilmirəm. Ona demək istəyirəm ki, biz pis deyilik, pis sizsiniz ki, yetirmələriniz bu vəziyyətdədir”.