Tahir Süleymanov: "Federasiyanın rəsmilərinin klublarda cəmləşməsi də buna ziddir"

11:02 - 11 Oktyabr 2015

"Qarabağ” və “Qəbələ”nin uğurları göz qabağındadır"

 

“Neftçi”də əsas heyətə düşməyən futbolçuların milli komandaya dəvət alması mətbuatda kifayət qədər müzakirələrə səbəb olur. Bu məsələyə “Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov Sportal.az-a açıqlamasında şərh verib.

 

"Çingiz Abdullayevin özü açıqlamasında demişdi ki, Prosineçkiyə müraciət etdim ki, "Neftçi"dən milliyə komandaya futbolçu dəvət etsin. Amma bu məsələnin heç kökünə getmək istəmirəm. İstəmirəm ki, Abdullayevin bu yöndə açıqlamalarını müzakirə edək. Bir şeyi xüsusi qeyd etmək istəyirəm. Bir çox klubda Müşahidə Şurası yaradılır, amma Müşahidə Şurasının olmadığı məsələn, “Qarabağ” və “Qəbələ”nin uğurları göz qabağındadır”.

 

“Neftçi”nin bu mövsümdə uğursuzluğunu maliyyə problemləri ilə bağlayanlara isə sabiq vitse-prezident belə münasibət bildirib:

 

“Təəssüflər olsun ki, “Neftçi”nin sponsoru olan SOCAR-dan yeni rəhbərliyin məlum açıqlamalarına münasibət gəlmədi. Yəni, rəhbərliyin bu uğursuzluqları başqa məsələlərlə yanaşı, əsasən də pulsuzluqla, sponsorların adı ilə bağlamağı heç düzgün deyil. Çalışdığımız dövrdə də sponsorlar komandaya yüksək səviyyədə baxıblar. Son zamanlar dünyada baş verən iqtisadi çöküş Azərbaycandan da yan keçə bilməzdi. Amma ən ağır günlərdə də sponsorlar komandanın yanında olub, öz dəstəyini əsirgəməyib".

 

Tahir Süleymanov özünün futboldan uzaq qalmağına belə cavab verib:

 

"Biz son nəfəsimizə qədər futbolun içərisində olacağıq. Futbolda olan hər bir məsələyə qanun çərçivəsində baxmaq lazımdır. İlk olaraq, onu sual vermək lazımdır ki, federasiyanın klubların işinə qarışmağa ixtiyarı varmı? Birmənalı şəkildə yox, hər bir klub müstəqildir. Bu da UEFA-nın tələblərindən ən önəmlilərindən biridir. Təbii ki, klubların federasiyanın diqtəsi ilə idarə olunması, federasiyanın rəsmilərinin klublarda cəmləşməsi də buna ziddir. Hələ bizim “Neftçi”də uğurlar qazandığımız dövrdə heç bir federasiya ideoloqunun bizə müdaxiləsindən söhbət belə gedə bilməzdi. O klublar ki, öz müstəqilliyini qoruyub, hazırda da ölkəmizi Avroliqada təmsil edir və öz qazandığı uğurlarla bizi sevindirir. Hətta buna hazırda turnir cədvəlində 3-cü pillədəki, debütant “Zirə”ni də misal göstərə bilərəm”.

 

Futbol mütəxəssisi son zamanlar hakimliklə bağlı narazılıqların artmasının səbəbini belə izah edib:

 

“Hakimliklə bağlı narazılıqlar illərlə davam edir. Sizə sual vermək istəyirəm, Hakimlər Komitəsinin üzvlərinin bir araya gəldiyi barədə mətbuatda nə vaxtsa məlumat gedib, və ya komitənin üzvlərini tanıyırsınız? Hakimlər Komitəsi bir nəfərdən ibarət olmamalıdır, ona görə komitə adlanır ki, bir neçə nəfərdən ibarət olsun və üzvlərinin siyahısı icitmaiyyətə təqdim olunsun. Təbii ki, kağız üzərində komitə üzvləri var, amma bugünki vəziyyət bunun əksini deyir.

 

Azərbaycan hakimləri həmişə nüfuza sahib olub, dünya və Olimpiya oyunlarının finallarında öz sözlərini deyiblər. Bu gün korifey hakimlərimizdən olan Rüstəm Rəhimov indi heç çempionat oyunlarına hakim-inspektor kimi də təyinat almır. SSRİ çempionatında 80-100 oyun idarə edən, qızıl və gümüş fitin sahibi Rəhimov əgər öz təcrübəsini hakimlərlə bölüşməkdən məhrumdursa, hakimlərimizin uğur qazanmasından söhbət gedə bilməz. Çünki belə təcrübəli şəxslər illərlə yığdıqları ustalığı bugunki hakimlərə verə bilmirlər. Təəssüf ki, bu gün bütün beynəlxalq hakim qaydalari ilə yanaşı, etik normalara zidd olaraq fəaliyyətdə olan hakimlərin bir-birinin idarəçiliklərinin müzakirəsinə müdaxilə etdiyinin şahidi oluruq. Hətta nəinki bu, hətta qəzet səhifələrində Əliyar Ağayev və Rəhim Həsənov kimi FİFA referiləri ölkəmizə təyinat alan beynəlxalq hakimlərin idarəçiliyini müzakirə edirlər, hətta onların işini qiymətləndirilər. Bu da absurddur. Son turlarda hakim səhvləri o həddə çatdı ki, “Qarabağ” penaltini vurmaqdan imtina etdi.

 

Əgər əlimizdə bir fakt yoxdursa, demək olmaz ki, "İnter"lə matçdakı penalti "Qarabağ"a qarşı atılmış çirkin addımdır. Amma məlumdur ki, futbolumuzda öz şəxsi maraqları üçün son 3-5 ildə bəzi adamlar hər yola gedirlər, əllərindən gələn hər şeyi edirlər. Bunlardan biri də bu tipli məsələlər ola bilər. Hələ "Qarabağ" – "Neftçi" oyunundan sonra komitə sədrinin fikirlərini oxudum, bu fikirlər çox təəssüf doğurur. Bir hakim haqda çıxıb mətbuatda fikirlər söyləmək, digər hakimin epizoduna şərh verməmək heç də birmənalı deyil, daha doğrusu yolverilməzdir. “İnter” – “Qarabağ” matçının baş hakimi Elvin Əsgərovun da oyundan sonra açıqlamalarına diqqət yetirdim, hakim bildirir ki, “Qarabağ” və Qurban Qurbanov penaltini qeyri-dəqiq yerinə yetirməklə özünə nüfuz qazanmaq istəyirdi. Ona gələcək karyerası üçün bir məsləhətim var. Əgər fikrində qəti idinsə, futbol qaydasına əsasən, meydanda hakimin qərarına etiraz yol verilməzdir, necə ki, hakimə etirazına görə “İnter”in qolkiperi Georgi Lomaya və müdafiəçi Zurab Xizanişvilini hakimə etiraza görə layiqli olaraq meydan kənarlaşdırdın, elə meydançada dərhal hakimin müdaxiləsinə görə, Qurban Qurbanova xəbərdarlıq etməli idin. Əgər Qurbanov yenə qərarında israrlı idisə, texniki zonadan uzaqlaşdırardın. Eyni zamanda bilərəkdən topu kənara vurduğuna görə, birmənalı şəkildə hakimin qərarına etiraza görə Elvin Məmmədova sarı vərəqə göstərərdin. Oyundan sonra da hakimlər briqadası və Hakimlər komitəsi bu epizodu analiz edib xalqın qarşısında düzgün olduqlarına şərh verərdi. Onda hamının gözündə məhz hakimlər nüfuz qazanardı. Hakimin belə açıqlamalar verməyi absurddur, hakim 90 dəqiqə meydanda mütləq hakimdir. Nəinki Qurbanov, 90 dəqiqə ərzində heç hakim-inspektorun hakimin işinə müdaxiləsi yol verilməzdir”.

Xəbər xətti