"Uduzmağı heç kim sevmir. Bizim müəyyən çətinliklərimiz var. Məşqlərə axşam gedirik. Məşq saatlarına qədər başqa işlərlə məşğuluq. Gündüzlər iş, axşamlar isə məşq. Buna görə də rəqiblərimizdən çox fərqlənirik. Ölkəmin millisi üçün hər şeyi etmişəm. Səhər 08:00-dan günorta 16:00-a kimi iş saatımdır. Kompüter mühəndisiyəm. Çempionatımızın səviyyəsi çox aşağıdır. Ulduz futbolçularla qarşılaşanda buna yalnız sevinirik".
Bu sözlər San Marino milli komandasının qapıçısı Aldo Junior Simonçiniyə məxsusdur.
Sportal.az xəbər verir ki, 30 yaşlı qapıçı Manuel Noyer və Buffonu özünə kumir seçdiyini bildirib:
"Məni nüfuzlu ölkələrin qolkiperləri ilə müqayisə etməyin. Çətinliklər çəkirəm. Kumirim? Canluici Buffon və Manuel Noyer. Onlar kimi ən yaxşı hücumçualrın qarşısını kəsmək istərdim. Mən ulduz futbolçularla çox qarşılaşmışam. Ueyn Runini unuda bilmirəm. İngiltərəyə qarşı keçirdiyimiz oyunda əsl peşəkarlıq nümayiş etdirdi. Yalnız 1 qol vurdu. 0:6 hesabı ilə uduzsaq da, İngiltərə əsl centilmenlik nümayiş etdirdi. Sanki öz səviyyəmizdə olan komandaya qarşı oynayırdıq".
Simonçini millimizlə matç barədə də fikirlərini bildirib:
"Azərbaycan millisi kağız üzərində oyunun favoritidir. Amma seçmə mərhələdə ilk matç olduğu üçün bütün riskləri gözə alacağıq. Ancaq bu o demək deyil ki, Azərbaycan millisindən daha yuxarı yerlərdə qərarlaşacağıq. Çünki bizim komandada bir az problemlər var. Biz gücümüz çatan hər şeyi edəcəyik. Lakin rəqiblərimiz çox güclüdür".
Qeyd edək ki, millimiz DÇ-2018-in seçmə mərhələsində San Marino ilə sentyabrın 4-ü, saat 20:00-da üz-üzə gələcək.
saytlarin hazirlanmasi