DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən Azərbaycan Premyer Liqasında yaranmış fasilə müddətində "Kəpəz" iki mərhələli hazırlıq dövrü keçdi. Gəncə təmsilçisi hazırlıq dövründə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması və "Şərurspor"la yoxlama matçlarında qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Şahin Diniyev klubun saytına komandasının fasilə dövründəki hazırlığından bəhs edib:
"Çalışdıq ki, fasilə müddətindən səmərəli istifadə edək. "İnter" ilə çempionat oyunu komandanın formaya düşdüyünü, ritmi tutduğunu göstərdi. Çempionatda yaranan fasiləni sığortalamaq üçün hazırlıq dövrünü iki beş günlük mərhələyə böldük. İlk olaraq daha çox fiziki hazırlığın üzərində işlədik. Yorğunluq fonunda U-21 yığmasına qarşı yoxlama matçı keçirdik. Bu oyunda iki heyətlə çıxış etməklə bütün futbolçulara meydana çıxmaq şansı verdik. Sonrakı mərhələdə taktiki hazırlığa üstünlük verib, yekunda "Şərurspor" ilə oynadıq. Fiziki çalışmalardan sonra hələlik komandada müəyyən ağırlıq var. Bu həftə məşqlərimiz taktiki və texnik hazırlıq üzərində qurulub. Standart vəziyyətlər, hücum və müdafiə zamanı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik. Bütün məşqlərimiz "Zirə" ilə oyuna köklənmiş hazırlıq olacaq".
saytlarin hazirlanmasi