Azərbaycan yığmasına dəvət alan Dəniz Yılmaz Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb.
Sportal.az xəbər verir ki, haberturk.com saytı “Bursaspor”un hücum xəttinin qeyri-məhsuldar çıxışı ilə bağlı yazı hazırlayıb.
Məlum olub ki, komandanın qollarının çoxunu yarımmüdafiəçilər vururlar. “Ağ-yaşıllar” Superliqanın arxada qalan 10 turunda rəqib qapılarına 13 dəfə yol tapıblar ki, bunlardan 10-na orta xətdə çıxış edən oyunçular imza atıblar.
Bildirilir ki, avrokuboklara vəsiqə qazanmağı hədəfləyən və Tomaş Netsid, Sərcan Yıldırım, Dəniz Yılmaz, eləcə də gənc Kubilay Kanatsızkuş kimi forvardları olan “Bursaspor”da yarımmüdafiəçilərin məhsuldarlığı diqqət çəkir.
Hücumçular isə sadəcə 2 dəfə rəqib qapılarına yol tapıblar. Həmin qollara Sərcan Yıldırım və Kubilay Kanatsızkuş imza atıb. Çexiyalı Tomaş Netsid və Azərbaycan millisinə çağırılan Dəniz Yılmazın hələ qol vura bilmədikləri vurğulanıb.
“Bursaspor”un əsas heyət üzvlərindən olan Dəniz Yılmaz Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyununa dəvət alıb. Məsələ ilə bağlı açıqlama verən “Bursaspor”un mətbuat xidmətinin rəhbəri Suat Paçacı bütün futbolçulardan razı olduqlarını bildirib:
“Yarımmüdafiəçilərin 10 qol vurması qalibiyyətlərdə və alınan xallarda hücumçuların zəhmətinin olmadığı anlamına gəlməməlidi. Biz bütün futbolçularımızın qələbə istəyindən, çıxışından razıyıq. Hər həftə daha yaxşı təsir bağışlayırıq”.