Azərbaycanlı futbolçu mövsümü 40 qolla başa vurdu

14:56 - 9 Noyabr 2016

Latviya birinci liqasında mövsümün son turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Orxan Həsənəliyev və Vüqar Əsgərovun çıxış etdiyi "Olayne/Super Nova" klubu mövsümün son turda meydana çıxmayıb.

 

Sözügedən klub mövsümün son turunda səfərdə "Skonto" ilə qarşılaşmalı idi. Lakin bu oyun baş tutmayıb və Latviya Futbol Federasiyası vaxtilə elitada, avrokuboklarda at oynadan "Skonto"ya texniki məğlubiyyət verib. Futbolçularımızın komandası oynamadan 3 xal qazanıb - 3:0.

 

Beləliklə, komandasının bombardiri olan Vüqar mövsümü 40 qolla başa vurub. Bu, Latviya birinci Liqasında ikinci göstərici olub. Həmyerlimiz yalnız 47 qola imza atan "Tukums" klubunun forvardı Dmitri Kuzmindən geri qalıb. Həsənəliyev isə mövsümü 10 qolla başa vurub.

 

Qeyd edək ki, 62 xal toplayan "Olayne" mövsümü 15 klub arasında 2-ci pillədə başa vurub. Nəticədə, futbolçularımızın komandası elitaya yüksəlmək şansı qazanıb. "Olayne" Latviya yüksək liqasında 8 komanda arasında 7-ci yeri tutmuş "Metta" ilə pley-off oyunlarında qüvvəsini sınayacaq. Tərəflər arasında ilk oyun bu gün, cavab qarşılaşması isə noyabrın 13-də baş tutacaq.

Xəbər xətti