"Rəqibimiz seçmə mərhələyə yaxşı start vermişdi. 3 oyuna 7 xal və qapılarında qol görməmişdilər. Məqsədimiz 3 xal qazanmaq və 2-ci pilləyə yüksəlmək idi".
Sportal.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının futbolçusu Kris Brant deyib.
DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan yığması ilə oyunundakı 4:0 hesablı nəticədən sonra yerli mətbuata danışan müdafiəçi nəticədən razı qaldıqlarını söyləyib:
"Qələbə bizə çox vacib idi. Azərbaycana qol vurmağa şərait yaratmadıq. Düzdür, 2-ci hissədə topa bir az nəzarət etdilər. Sözün düzü, mən Maykl Makqovernin seyv etdiyini xatırlamıram".
Uzun müddətdən sonra milliyə qayıdan və dönüşünü qolla qeyd edən Brant bunları deyib:
"Uzun müddət zədəli qalmaq yaxşı hal deyil. Futboldan çox uzaq qalmışdım. Milli komandama 1 ildən çox kömək edə bilmədim. Xoşbəxtlikdən vurduğum qolu bilmirdim ki, necə qeyd edim. Başım da ağrıyırdı, zərbə almışdım. Bu oyuna qədər "Vest Bromviç"in heyətində bir neçə qarşılaşmada 90 dəqiqə meydanda olmuşdum. Oyuna hazır idim".
31 yaşlı futbolçu qrupdakı hədəflərindən danışıb:
"2016-cı ilin bizim üçün uğurlu keçdiyini söyləmək olar. AÇ-2016-nın final mərhələsində çıxış etdik. Təbii ki, zədə imkan versəydi, mən də komandama kömək edərdim. İndi əsas məqsədimiz DÇ-2018-in final mərhələsinə yüksəlməkdir".
Əlavə edək ki, oyunda 4-cü qolun müəllifi olan Kris Brant qarşılaşmanın ən yaxşı futbolçusu seçilib.
saytlarin hazirlanmasi