"Deməzdim ki, ideal vəziyyətdəyik. Çünki bəzi futbolçularımız zədəli idi və yenicə komandaya qoşulublar. Həm Şəhriyar Əliyev, həm də Dario Frederiko hələlik pik formaya çatmayıblar. Kərimin itkisi mərkəzd bizim üçün böyük problem yarada bilər. Ona görə ki, bizdə rəqibdən top almaq baxımından biraz problemlər var. Ancaq bu səbəblərin hər biri oyun zamanı kənarda qalmalıdı”.
Sportal.az xəbər verir ki, bu sözləri Futbol11.az saytına açıqlamasında "Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.
"Kəpəz” Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qarabağ”ın qonağı olacaq. Matçdan öncə əməkdaşımızın suallarını cavablandıran çalışdırıcı iki gün sonra baş tutacaq qarşılaşma haqda danışıb: "Bizi çətin oyun gözləyir. "Qarabağ” Azərbaycan Premyer Liqasının və Avropanın top klublarından biridi. Onlara qarşı oynamaq çox çətindi. Bu, futbolçular üçün və məşqçi üçün bir növ sınaqdı. Çox istərdik ki, bu imtahandan uğurla çıxaq”.
Mütəxəssis qeyd edib ki, futbolçular yüksək motivasiyada olsalar, "Qarabağ”dan xal ala bilərlər: "Bilirsiniz ki, ilk dövrədə Gəncədəki oyunda "Qarabağ”la heç-heçə etmişdik. Həmin oyunda futbolçular yaxşı mübarizə aparmışdılar. Deməzdim ki, "Qarabağ”la bərabər səviyyəli komandalarıq. Heyət və oyun baxımından "Qarabağ”dan geri qalırıq. Ancaq iki gün sonrakı oyunda daha istəkli olsaq, nəyəsə nail ola bilərik. Acı da olsa, etiraf etməliyik ki, oyunun favoriti "Qarabağ”dı. Ancaq futbolda hər şey mümkündü”.
Diniyev "Kəpəz”in qış fasiləsindəki planları haqda danışıb: "Planlarımız var. İstəyirdik ki, Gürcüstanda hazırlıq keçək. Amma Gürcüstanda çempionat mart ayında başladığı üçün, bizim istədiyimiz kimi şərait olmadı və ora getməkdən imtina etdik. Yanvar ayının 8-də Bakıda hazırlığımız başlayacaq və 10 gün davam edəcək. Ola bilər ki, qışda bir-iki futbolçu ilə güclənək. Əlbəttə, nəsə ola bilər. Hər bir mövqedə futbolçuya ehtiyac var. Amma büdcəmizə baxıb, hərəkət edəcəyik.”