"Boavişta"nın baş məşqçisi hakimdən narazı qaldı

01:05 - 27 Noyabr 2016

Portuqaliya Premyer Liqasının XI turunda milli komandamızın futbolçuları Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi "Boavişta" doğma meydanında "Sportinq"i qəbul edib. Matç Lissabon klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportal.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, oyundan sonra Portu klubunun baş məşqçisi Migel Leal baş hakimdən narazılıq edib:

 

"Fikrimcə, hakim qolumuzu saymadı. Ədalətli nəticə 1:1 olmalı idi. Rui Patrisiu topu qapının xəttini keçəndən sonra tutmuşdu. Təəssüf ki, hakim bunu təsdiq etmədi".

 

51 yaşlı mütəxəssis futbolçualrından razı qaldığını bildirib:

 

"İlk hissədə oyunumuz alınmadı. Amma 2-ci hissədə aqressiv oynadıq. Lakin komanda tam istədiyim kimi formalaşmayıb. Bunun üçün isə çox çalışmaq lazımdır. Ümumi götürsək, futbolçularımdan razı qaldım. Baxmayaraq ki, uduzduq. Hər halda mən onlara inanıram və uğurlu çıxış edəcəklərinə inanıram".

 

Qeyd edək ki, Kamran Ağayev matçda 90 dəqiqə meydanda olub. Emin Mahmudov isə qarşılaşmaya 75-ci dəqiqədə daxil olaraq Portuqaliya Premyer Liqasında debüt edib.

Xəbər xətti