"Şapekoense"nin yeni baş məşqçisi Vaqner Mançini ölkə mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, dünyanın əksər yerlərindən və Braziliya klublarından dəstək mesajları alan "Şapekoense" üçün verilən vədlərin yerinə yetirilmədiyini dilə gətirən Mançini bu sözləri söyləyib:
"Qəzadan sonra bir çox insan, bir çox komanda bizə maddi olaraq kömək edəcəklərini söyləmişdi, ancaq bu reallaşmadı. Bəzi komandalar maraqlandılar, amma dəstək görmədik".
50 yaşlı mütəxəssis 25 futbolçuya ehtiyac olduqlarını açıqlayıb:
"Daha əvvəl çalışdığım klublarda 6-7 bəzən də 8 futbolçunun transferinə ehtiyacı olan komandalar görmüşəm. Amma ilk dəfə görürəm ki, bir komandanın ən azı 25 transferə ehtiyacı var".
Göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olan təyyarə noyabrın 28-də Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğrayıb. Futbol klubunun üzvləri Cənubi Amerika kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelin şəhərinə istiqamətlənib.
Ümumilikdə təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Qəza zamanı üç futbolçu - Alan Ruşel, Cekson Folman və Xelio Samper Neto sağ qalıb. Xəsarət almış Markos Danilo isə sonradan xəstəxanada şok keçirərək dünyasını dəyişib.