Yoahim Löv: “Onu itirdiyimiz üçün çox üzgünəm”

18:37 - 21 Mart 2017

“Millidəki bütün oyunlarım mənim üçün önəmli olub. Ona görə də hər-hansı bir xüsusi hadisəni önə çıxarmaq istəmirəm. Çünki bu, digər gözəl xatirələrə haqsızlıq olar”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Almaniya millisinin üzvü Lukas Podolskiyə məxsusdur.

 

“Qalatasaray”ın üzvü sabah İngiltərə yığması ilə oyunda Bundestimin heyətində son matçına çıxacaq. Oyundan bir gün öncə mətbuat konfransı keçirən forvard millidəki karyerasından danışıb. O, millidə çox gözəl illər keçirdiyini deyib: “Zaman keçdi, oğlum indi 8 yaşındadı.  Millidə keçirdiyim 13 il çox möhtəşəm idi. Almaniya millisinin bir parçası, lideri olduğum üçün özümü qürurlu hiss edirəm. Millidə Rudi Völler, Yürgen Klinsmann və Yoahim Löv kimi məşqçilərlə işləmişəm. Bu insanları tanıdığım, onlarla birgə işlədiyim üçün özümü xoşbəxt hiss edirəm.”

 

Mövsümün sonunda “Qalatasaray”dan ayrılacaq futbolçu karyerasını Yaponiyada davam etdirəcək. O, hazırda İstanbul klubunu düşündüyünü deyib: “Japoniya ilə yayda maraqlanmağa başlayacağam. Ondan öncə millidəki vidam oyunuma və “Qalatasaray”ın oyunlarına köklənmişəm”.

 

Millinin baş məşqçisi Yoahim Löv isə açıqlamasında Podolski kimi futbolçunu itirdikləri üçün təəssüf hissi keçirdiyini deyib: “Mən və Lukas millidə uzun bir yol keçmişik. Uduzduğumuz, pis olduğumuz vaxtlar olub. Onun üçün təşkil etdiyimiz vida oyunu gözəl, amma üzücü olacaq. Onu itirdiyimiz üçün çox üzgünəm. Lukas Podosli Almaniyanın yetişdirdiyi ən yaxşı futbolçulardan biridir”.

 

Qeyd edək ki, Almaniya yığması martın 26-da DÇ-2018-in seçmə mərhələsində Bakıda millimizin qonağı olacaq. Sabah millidəki son oyununu keçirəcək Podolski ölkəmizdə gətirilməyəcək.

Xəbər xətti