Şimali İrlandiya millisinin baş məşqçisi: "Çalışacağıq ki, Almeydanın qarşısını alaq"

18:47 - 9 İyun 2017

“Əlbəttə, Azərbaycanın bütün oyunlarına baxmışıq. Düşünürəm ki, Robert Prosineçki millini yaxşı hazırlaşdırıb. Azərbaycan millisi Almaniya ilə oyunda 30-35 dəqiqə yaxşı oyun sərgilədi. Ümid edirik ki, sabah Almaniyaya qarşı oynadıqları kimi oynamayacaqlar”.  

 

Sportal.az xəbər verir ki, bu sözlər Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nilə məxsusdur. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah baş tutacaq Azərbaycan – Şimali İrlandiya matçından bir gün öncə britaniyalı mətbuat konfransı baş tutub.

 

Jurnalistlərin suallarını cavablandıran mütəxəssis millimizə yeni cəlb olunan “Qarabağ”ın futbolçusu Riçard Almeyda haqda danışıb: “Riçard Almeydanın klubundakı çıxışını izləmişik. Bu, onun millidəki ilk oyunu olacaq. Almeyda yaxşı futbolçudu. Çalışacağıq ki, onun qarşısını ala bilək”.

 

O`Nil Bakıdakı isti hava şəraitinin ooyunlarına ciddi təsir etməyəcəyini düşünür: “Hava şəraiti normaldı. Düşünürəm ki, hava şəraiti bizə ciddi problem yaratmayacaq. Öz oyunumuzu göstərməyə çalışacağıq”.

 

Mütəxəssis millimizin heyətində güclü futbolçuların yer aldığını deyib: “Azərbaycan millisinin heyətində bir neçə vacib oyunçu var. Məsələn, Riçard Almeyda və Dimitri Nazarov oyunun taleyini dəyişmək gücündədir. Onlarla yanaşı, Ramil Şeydayev, Rəşad Sadıqov və Rahid Əmirquliyev güclü futbolçulardı. Məncə, onlar sabahkı oyunda güclərini göstərmək üçün çalışacaqlar”.

Xəbər xətti