Azərbaycan Premyer Liqasının 4-cü turundan təxirə salınmış oyunda evdə “Qarabağ”a uduzan (0:2) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Pis oynamadıq. Qol vəziyyətləri də yaratdıq, lakin istifadə edə bilmədik. Rəqibin səviyyəsi göz qabağında idi.
- Oyunun gedişində, elə təəssürat yarandı ki, sanki siz meydanda olsaz, bu fürsətləri daha yaxşı dəyərləndirə bilərdiz...
- Meydanda mən yox idim. Əlimizdə olan futbolçular isə bunlardı. İrəli baxmalıyıq. Çalışacağıq ki, öz üzərimizdə daha çox işləyək. Heyəti gücləndirmək istəyirik. Bir neçə futbolçunu diqqət mərkəzində saxlamışıq.
- Bu gün Nurlan Novruzovu əvəzlədiz, keçən oyunda isə Amit Quluzadəni əvəzləmişdiz. Demək olar ki, bu oyunçular artıq “qara siyahı”ya düşüb?
- Oyunçular məndən onlara şans verməyimi istəyirlər. Mən də şans verirəm. O ki qaldı onları əvəzləməyimə, zəif oynayırlar ki, əvəzləyirəm.
- “Səbail”in əsas məsədi milli komandalar üçün oyunçu yetişdirməkdi. Komandanın qarşısına konkret vəzifə qoyulmayıb. Bu, komandanı əlavə təzyiqdən azad etmir ki?
- Xeyr. Qarşımıza hədəf qoyulmayıbsa, o demək deyil ki, çıxıb uduzmalıyıq. Çalışırıq ki, öz oyunumuzu daim inkişaf etdirək. Əlimizdə olan istedadlı oyunçulardan yaxşı istifadə edək. Komandaya yeni, istedadlı oyunçular cəlb etmək də istəyirik.
- Sistemə görə oyunçu axtarırsız, yoxsa oyunçuları öz sisteminizə uyğunlaşdırmağa çalışırsız?
- Sistemimizi dəyişməyi planlaşdırırıq. Qarşıda ölkə kubokunda iki oyunumuz var. Bu sahədə işlərə kubok oyunlarından sonra başlayacağıq. Təxminən 15-20 gün vaxtımız olacaq. Bu vaxt ərzində yeni sistemi sınaqdan keçirəcəyik. Yəqin ki, 3-cü dövrədə fərqli oyun sistemindən istifadə edəcəyik.
saytlarin hazirlanmasi