“Səbail”in hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 4-cü turundan təxirə salınmış “Qarabağ”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu ilk olaraq 0:1 hesablı məğlubiyyəti şərh edib:
- “Qarabağ” kimi komandaya qarşı yaxşı oynadıq. Fərqlənmək üçün şanslarımız da oldu. Dəyərləndirə bilmədik. Belə komandaya qarşı bu cür oynadıqsa, deməli, komanda get-gedə düzəlir.
- Meydanda hər top uğrunda sonadək mübarizə aparırdın. Bu, istəkdən irəli gəlirdi, yoxsa aqressiyadan?
- Aqressiv deyildim. Hər bir oyunda istəkli çıxış etməyə, qol vurmağa çalışıram. Çünki qol vurmayanda sıxılıram.
- Hər dəfə bu sual veriləndə, aqressiv olmadığını deyirsən. Amma kənardan heç də elə görünmür...
- Kənardan elə görünə bilər. Yaxud da kimsə elə fikirləşə bilər ki, aqressivəm. Elə deyil. Çalışıram ki, öz oyunumu oynayım. Aqressiv olsam, onda gərək hamı ilə dalaşam. İstəkli oynayıram. 7 il bu komandada oynamışam. Tək “Qarabağ”a qarşı deyil, bütün komandalara qarşı bu cür motivasiya ilə meydana çıxıram.
- Bu gün bir çox qol imkanlarınız olsa da, fərqlənə bilmədiniz. Səncə, komandada nə çatışmır?
- Məncə, təcrübə çatmır. Hamıda istək var. Özünüz də görürsünüz ki, necə vuruşuruq. Yeni komandayıq. Get-gedə düzələcək. Birdən-birə heç nə olmur.
- Karyeranla bağlı nə fikirləşirsən? “Səbail”də qalacaqsan, yoxsa başqa təkliflərin var?
- Klubla müqaviləm davam edir. Hələlik heç bir planım, təklifim yoxdur. Heç yerə getmirəm.
saytlarin hazirlanmasi