Emin Abbasov: "Elşad Əhmədovun "Xəzər"ə baş məşqçi gətirilməsi sırf mənim təşəbbüsümdü" MÜSAHİBƏ

00:00 - 21 Dekabr 2017

Bugünlərdə “Xəzər”də yeni təyinatlar reallaşdı. I Divizionda debüt edən paytaxt təmsilçisi mətbuatdan iki transfer etdi.


Bir müddət əvvəl “Şüvəlan”dan ayrılan Emin Abbasov I divizion klubunda icraçı direktor təyin olundu. Əvvəllər "Xəzər TV"də işləmiş Emin Abbasov son dövrlər "CBC Sport"da şərhçilik edirdi.


İndi isə onu burda yeni işlər gözləyir. Hansı ki, «Xəzər» təzəcə fəaliyyətə başlayan klub olduğu üçün burda hər şeyi sıfırdan qurmaq lazımdı.

 

Bir neçə il öncə «Qarabağ»da böyük təcrübə toplayan Emin bəy bütün bilik və bacarığını «Xəzər»in yolunda sərf edəcək. O, Sportinfo.az-a müsahibəsində bu haqda danışdı.

 

- "Xəzər"də çalışmaq variantı necə yarandı?
- Klubun başında dayanan adamların işə yanaşması, həyata baxışları, davranışları mənə çox uyğun gəlir. Ona görə də mənə "Xəzər"in idarəçisi olmaq təklifi gələndə, tərəddüd etmədən razılıq verdim. Təbii ki, bu işdə yanımda savadlı kadrların olması da vacibdir və bu səbəbdən Gündüz Abbaszadəyə üstünlük verdim. Çünki xeyli müddətdi bir-birimizi tanıyırıq, onun klub strukturunda iş bacarıqlarına bələdəm. Abbaszadəyə niyyətimi dedim, o da öz növbəsində çox düşünmədi və "Xəzər"ə gəlməyə hazır olduğunu söylədi.

 

- Yeni yaranan klubun fəaliyyətini tənzimləmək çox çətindi. Vaxt aparan məsələdi. Hələ məqsəd yaxın gələcəkdə daha da böyüməkdisə… Bu, ümumiyyətlə, gərgin iş tələb edir. 
- Bu gün demək olar ki, klub quruculuğu ilə məşğuluq. Əsas komanda yenidən formalaşdırılır, akademiya yaradılır, infrastruktur qurulur. Çox ağır perioddu, iş başdan aşır. Amma halımızdan məmnunuq, çünki bu klubu öz ideyalarımıza uyğun qurmaq imkanı yaranıb qarşımızda. 

 

- Ötən gün komandaya yeni baş məşqçi təyin olundu. Niyə məhz «Neftçi»dən ayrılan Elşad Əhmədov?
- Elşad Əhmədovun "Xəzər"ə baş məşqçi gətirilməsi sırf mənim təşəbbüsümdü. Bu mütəxəssisi çoxdandı izləyirdim. Futbolun içində olanların demək olar hamısı Elşad müəllimin potensialına bələddilər. Savadlı məşqçidi, gələcək vəd verən mütəxəssislərdəndi. Amma məndə olan məlumata görə, onun başqa təklifləri var idi. Lakin görüşdük, danışdıq və düşündükdən sonra o da "Xəzər"də çalışmağın gələcəyi üçün də önəmli qərar olduğu qənaətinə gəldi. 

 

- Komanda qış fasiləsinə yollanıb. Yeni illə, daha doğrusu, sezonun ikinci yarısı ilə bağlı hədəflərdə nə kimi dəyişiklər olacaq?
- "Xəzər"in iddiaları böyükdü. Düzdü, komanda 8-ci pillədədi. Amma bizi ikinci yerdən cəmi 5 xal ayırır. Elşad Əhmədovun qarşısında duran vəzifə qışdan sonrakı dönəm üçün çox iddialı komanda yaratmaqdı. Bu baxımdan klubun idarəçisi kimi ona hər cür dəstək verməyə hazır olduğumu demişəm. Klubumuzun prezidenti Mahir müəllim (Mahir Məmmədov-red) də bu məsələdə bizə güvənir və Elşad Əhmədovun rahat çalışması üçün nə lazımdısa, dəstək olmağımızı deyib.

Xəbər xətti