"Sumqayıt"ın hücumçusu Amil Yunanov Sportal.az saytına müsahibə verib.
- “Sumqayıt”ın Azərbaycan kubokunda “Qarabağ” üzərindəki qələbəsi sensasiya oldu. Sən də belə düşünürsən?
- Bütün futbol ictimaiyyəti üçün sensasiya sayıla biləcək nəticə oldu. Çünki rəqibimiz Çempionlar Liqasına düşərək tarix yazmış komanda idi. Şükürlər olsun ki, Azərbaycanın ən güclü klublarından birinə qalib gəlməyi bacardıq. Komanda bu oyuna yaxşı motivasiya olmuşdu.
- "Qarabağ"a cavab görüşündə qol vurdun. Millimizin baş məşqçisi Qurban Qurbanovun diqqətini çəkdiyini düşünürsən?
- Öz vəzifəmi icra etdim. Bu haqda nəsə deməyim düzgün olmaz. Dəvət gəlsə, əlimizdən gələni etməliyik.
- Yarımfinalda rəqibiniz “Keşlə” olacaq. Final şanslarını necə dəyərləndirirsən?
- “Keşlə” yaxşı komandadır. Əlimizdən gələni edəcəyik ki, finala adlayaq. Finala vəsiqə qazanmaq bizim üçün möhtəşəm uğur olar. İnşallah, buna nail olarıq.
- Premyer Liqada komanda qış fasiləsinə 4-cü pillədə yollandı. Bu nəticəni necə hesab edirsən?
- Normal hesab edirəm. Daha yaxşısına nail ola bilərdik. Qış fasiləsindən sonra bu mövqeyi qorumalı və irəli getməyi düşünməliyik.
- “Sumqayıt” kubokda finala irəliləmək üçün və Premyer Liqada ilk dördlükdə yer almağa görə qışda transfer etməlidirmi?
- Bu rəhbərliyin verəcəyi qərardır. Biz futbolçular əlimizdən gələni etməyə hazırıq.
- Mövsümün sonunda “Sumqayıt”la müqavilə başa çatacaq. Başqa klublardan təklif almısan?
- Bu barədə heç bir şey düşünmürəm. Müqaviləm başa çatsa belə, ancaq “Sumqayıt”ı fikirləşirəm. Kubokda yolumuza davam edirik və çempionatda da yaxşı nəticə qazanmaq istəyirik. Təklif barədə fikirləşmirəm. Diqqətimi komandama cəmləmişəm.
- Adın bir müddət xarici klublarla hallandı. Ancaq transferin baş tutmadı...
- Oldu. Bir neçə klubla danışdıq. Amma daha da inkişaf etmək üçün komandada qalmağı üstün tutdum.
- Mövsümün ilk yarısında 8 qol vurdun (3 qol kubok, 5 qol Premyer Liqa). Azarkeşlər hər oyunda Amildən qol gözləyirlər. Bir çox matçlarda isə çoxlu qol vəziyyətləri qaçırırsan. Bu şanssızlığın səbəbi nədir?
- Oyuna yüksək motivasiya ilə hazırlaşıram. Hər oyunda qol vurmaq olmur. Futbolda şanssızlıqlar da baş verir. İşim qol vurmaqdı, bunun üçün çalışıram. İstəyirəm ki, azarkeşləri sevindirim. Bilirəm ki, məndən qol gözləyirlər. Futbolda hər şey olur. Bacardığımı edirəm. Bəlkə də çox çalışmaq lazımdır. Futbolda belə bir şey yoxdur ki, hər oyunda qol vurmalısan. Amma çalışacam ki, şansları maksimum dəyərləndirim. Komandaya daha faydalı olmağa çalışacam.
- Baş məşqçi Samir Abasov bildirmişdi ki, ola bilər ki, Amil Yunanov qarşısına bombardir olmağı hədəf qoyduğu üçün təzyiq altındadır. Bu barədə səninlə söhbəti olub?
- Hücumçuyamsa, klubla və özümlə bağlı məqsədim olur. Hər bir hücumçu kimi bomardir olaraq komandamı daha yaxşı yerlərə aparmaq istərdim. Bombardir olsam, komandamız da yaxşı yerlərdə olar. Oyunum alınmayanda Samir müəllim məsləhətlərini verir. Amma sırf bu barədə mənə nəsə deməyib. Hədəfim inkişaf etməkdir. Daha çox irəli getmək istəyirəm. Gündən-günə, mövsümdən-mövsümə artırmalıyıq.
saytlarin hazirlanmasi