Eltun Yaqublu: "Bəzi illərimi düzgün dəyərləndirmədiyim üçün təəssüflənirəm" MÜSAHİBƏ

00:00 - 23 Dekabr 2017

"Səbail"in kapitanı Eltun Yaqublu klubun rəsmi "Facebook" səhifəsində "On sual" rubrikasının qonağı olub.

 

Sportal.az xəbər verir ki, müdafiəçi ona verilən on suala cavab verib.

 

- Nə üçün futbolçu olmağa qərar verdiniz?

- Futbola uşaqlıqdan böyük həvəsim olub. Hər futbolçu kimi mən də məhəllə də oynayaraq başlamışam. İlk başlarda ailəm futbolçu olmağıma qarşı çıxsada, daha sonra dayımın məni dəstəkləməsi ilə futbola başlaya bildim.

 

- Sizin üçün karyeranızın ən önəmli matçı və ya ən unudulmaz anı hansı idi?

- Deməzdim ki, çox böyük oyunlar olub karyeramda. Amma Neftçi-Zirə kubok oyununu qeyd etmək istərdim, hansı ki, etapı keçdiyimiz üçün çox sevinmişdik və bu oyuna görə üstümüzdə çox basqı var idi.

 

- Futbolda kumiriniz kimdir?

- Futbolda kumirim yoxdur, lakin, ən sevdiyim oyunçu kimi Christiano Ronaldo-nu qeyd etmək istərdim.

 

- Hobbiniz nədir?

- Mənim film və kitablara çox da marağım yoxdur. Lakin özümü əsl avtomobil həvəskarı adlandıra bilərəm.

 

- Sevdiyiniz film, kitab və ya musiqi hansıdır?

- Ən çox Özcan Denizin filmlərini bəyənirəm. Azərbaycan filmlərindən isə, "Təhminə və Zaur"u çox bəyənirəm.
Bəyəndiyim musiqilərə gəldikdə isə, əsasən xarici musiqilərə üstünlük verirəm. Eyni zamanda bəzən zövqümcə olan yerli musiqiləri də dinləyirəm.

 

- Həyatda hansı prinsiplərə üstünlük verirsən?

- Hər zaman ətrafımda dürüst və səmimi insanlar olduğu üçün, bu kimi prinsiplər mənim üçün həyatda çox önəmlidir.

 

- İnsanlarda ən çox dəyər verdiyiniz nədir?

- Hər bir insan fərqli tərbiyə olunur və fərqli düşüncədə böyüyür , amma insanda ən çox dəyər verdiyim dürüstlükdür. uşaqlıqdan bu dəyərlə böyümüşəm. İlk məşqçim İslam Kərimovun bir sözü heç vaxt yadımdan çıxmır. "Ən yaxşı biclik düzgünlükdür "

 

- Karyeranızda ən vacib məqsədiniz nədir?

- Karyeramda böyük uğurlar olub deməzdim, komandam ilə birlikdə Avropa ligasında ilk yerlərdə qərarlaşmaq, möhtəşəm hiss olardı.Əlavə olaraq, hər bir yerli futbolçu kimi mənim də arzum, milli komandanın formasını geyib beynəlxalq arenada ölkəmizi təmsil etmək istərdim.

 

- Gənc futbolçulara nə kimi məsləhətiniz var?

- Gənc futbolçulara məsləhətim, öz üzərlərində çalışmaları yöndədir. Digər işlərdə 50-60 yaşa kimi çalışmaq mümkündür, lakin futbolçu karyerası qısa olur. Tutaq ki, futbolçu 20 yaşında parlasa və 30 yaşına kimi oynasa, bu on ili maksimum dərəcədə dəyərləndirmək lazımdır. Məsələn mən bəzi illərimi düzgün dəyərləndirmədiyim üçün təəssüflənirəm. Mümkün qədər əyləncəyə, kafelərə az zaman ayırıb, məşqlərə daha ciddi yanaşmaq lazımdır.

 

- Azarkeşlər haqqında nə demək istərdiniz?

- Gənc komanda olmağımıza baxmayaraq, hər oyunda azərkeşlərimizin sayı daha da artır. Hətta biz öz aramızda söhbət edərkən "meydança tam dolsa daha maraqlı" olar deyirik. Sonda azərkeşlərimizə bizə hər zaman dəstək olduqları üçün təşəkkür etmək istəyirəm.

Xəbər xətti