"Bu o demək deyil ki, Kamran Ağayev futbolu atsın"

15:50 - 25 Dekabr 2017

Çexiyanın "Mlada" klubundan göndərilən Kamran Ağayev karyerasını ölkəmizin "Keşlə" klubunda davam etdirəcək.

 

31 yaşlı qapıçı  Çexiya klubunun heyətində 7 oyun keçirib və 1 qırmızı vərəqə alıb. Millimizin qolkiperi 2015-ci ildən bu tərəfə hər altı aydan bir komandasını dəyişir.

 

Azərbaycan milli komandasının sabiq qapıçısı Hüseyn Məhəmmədov Sportal.az saytına açıqlamasında klublarını əlcək kimi dəyişən Kamranın ölkəmizə dönməsi və "Keşlə"yə keçidinə münasibət bildirib:

 

“Kamran Ağayev bizim təcrübəli qapıçılarımızdan biridir. Bir neçə dəfə legioner həyatı da yaşayıb. Gəlin, məsələyə obyektiv yanaşaq. Avropada futbol tam başqadır. Orada futbol üst səviyyədədir. Bir sözlə, Avropa futbolu ölkəmizdən çox-çox fərqlənir. Kamran Ağayevin legioner həyatı yaşaması çox yaxşı haldır. Mən həmişə tərəfdarı olmuşam ki, oyunçularımız xaricdə top qovsunlar. Kamran Azərbaycanda bir nömrədir. Hamımız istəyirik ki, xaricdə qalıb davam etsin. Ancaq bunu qəbul etmək məcburiyyətindəyik ki, Kamran ölkəmizə geri dönür. Futbolçu karyerasında belə şeylər baş verir. “Mlada” klubu açıqlamasında demişdi ki, Kamran gözləntiləri vermədiyi üçün klubdan göndərilib. Amma bu o demək deyil ki, Ağayev artıq futbolu atmalıdır və qapıda durmasın. Belə şey ola bilməz. “Keşlə”də öz üzərində daha çox işləməlidir və millidə yerini möhkəmlətməlidir. Millimizin baş məşqçisi Qurban Qurbanovla eyni dövrün futbolçusu olmuşuq. Əla mütəxəssisdir. İşinə peşəkar yanaşır. O, həmişə istəyib ki, futbolçular çox çalışaraq irəli getsin. Gəncləri üzə çıxarmağı sevən baş məşqçidir. Məncə, Qurbanov yeni gənc qapıçı üzə çıxaracaq və həmin qolkiper Kamranla millidə rəqabət aparacaq”.

Xəbər xətti