"Zirə" bu gün qış fasiləsinin Bakı toplantısında ilk yoxlama görüşünü keçirir.
Sportal.az xəbər verir ki, "qartallar" əvəzedici komandası ilə qarşılaşacaq. Bu oyunun gedişi zamanı mövsüm ərzində zədə ücbatından 3 dəfə əməliyyat olunan millimizin qolkiperi və "Zirə"nin kapitanı Anar Nəzirov jurnalistlərə müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Zədən nə yerdədir? Meydanlara nə zaman qayıdacaqsan?
- Mövsümün ikinci yarısına tam hazır olmalıyam. İnşallah, bir problem çıxmaz. Əməliyyatdan sonra həkimlər dedilər ki, bərpa dövrünü keçməlisən. Ən önəmli şeylərdən budur.
- Yaxşı formada olan vaxt demək olar ki, mövsümün ilk hissəsini zədə səbəbindən qaçırtdın...
- Nə etmək olar? Futboldur, belə hallar baş verir. Zədə futbola aiddir. Bununla barışmalıyam. Amma komandamız yaxşı çıxış etdi. Mövsümün ilk yarısı "Zirə" üçün uğurlu keçdi. 30 xal bizim üçün yaxşı nəticədir.
- Ölkə kubokunda "Neftçi" "Zirə" tilsimini qırdı və sizi mübarizədən kənarlaşdırdı...
- "Neftçi" istəkli idi. Rəqibimiz yaxşı komandadır. Futbolda hər cür nəticələr qeydə alınır. Əsas fikrimizi çempionata yönəltmişik.
- Yəqin ki, yığmadan dəvət gözləmirsən...
- Yəqin ki, kənarda qalacam. Buna baş məşqçi qərar verəcək. Amma kim dəvət alacaqsa, uğurlar arzu edirəm. Həmçinin, Qurban Qurbanova və onun məşqçi heyətinə də uğurlar diləyirəm.
- Yığmada qapıçı problemi var. Kamran Ağayev, Səlahət Ağayev və Aqil Məmmədov formadan uzaqdırlar. Səncə, milli üçün kimi daha hazır görürsən?
- Ad çəkmək düzgün olmaz. Rəşad Əzizli, Emil Balayev və Şahruddin Məhəmmədəliyevə şans veriləndə qapını yaxşı qoruyublar. Hər şeyə baş məşqçi qərar verəcək. Səlahət bildiyim qədər bərpa olub. Kamran da "Keşlə"yə geri dönüb. Məncə, çərçivədə problemimiz olmaz.
- Hamımız yaxşı bilirik ki, Kamran Ağayevin xarakterində problem var. Deyilənə görə, onu məcburiyyətdən qapıya qoyurlar. Bu fikirlə razısan?
- Düzgün danışmaq lazımdır, bəli, Kamran hər zaman millinin qapıçısı olub. Ancaq bir şeyi deyim ki, şans verilməyən qapıçı özünü doğrulda bilməz axı. Kiməsə şans verilməlidir ki, özünü doğrulda bilsin. Həm də təcrübəsi olsun. Rəqabət olan yerdə inkişaf da olar.
- Sən özünü milli komandada Kamranı əvəz edəcəyini düşünürsən?
- Niyə də yox?! Bizim yaxşı şüarımız var.
saytlarin hazirlanmasi