Qara Qarayev: "Çempionluq yolunda bu nəticə bizim üçün itki olmaz" MÜSAHİBƏ

21:33 - 3 Mart 2018

Topaz Premyer Liqasının 18-ci turunda "Qarabağ" səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərə müsahibə verib. Qarayev öncə qarşılaşma barədə danışıb:
 
- Çətin oyun alındı. “Sumqayıt” yaxşı komandadır. Bu rəqiblə səfərdə oynamaq asan deyil. Əlbəttə, qələbə qazanmağı arzulayırdıq. Belə atmosferdə oynamaq xoş oldu. Son zamanlar “Sumqayıt”ın ev oyunlarına azarkeş çox gəlir. Çalışdıq ki, nəticə qazanaq, amma düşünürəm ki, çempionluq yolunda bu nəticə bizim üçün itki olmaz. Əsas odur ki, xal qazandıq.
 
- Kubok matçında “Sumqayıt” yenilmişdiz. Həmin oyunla bu qarşılaşmada fərq var idi?
- Kubok görüşləri 2 matçdan ibarət olur. 2 oyuna əsasən, mərhələ adlamağa çalışırsan. Lakin burada aktivinə xal yazdırırsan. Fərqli oyunlardı. Bizim üçün pis oyun olmadı. İkinci hissədə daha yaxşı oyun sərgilədik.
 
- “Qarabağ” qış fasiləsindən sonra çox qol vura bilmir…
- Artıq komandalar müdafiə oluna bilir. Çempionatın əksər komandaları 5 müdafiəçilə çıxış edir. “Sumqayıt” da müdafiə olunanda 5 və daha çox oyunçu ilə müdafiəyə qapanır. Belə halda qol vurmaq çətin olur. Bu da normal haldı. “Sumqayıt”la görüşdə şans yaradıb qol vurmaq yaxşı haldır.
 
- Sabah “Neftçi” “Qəbələ”yə qalib gəlsə, çempionluq yolunda böyük addım atacağınızı demək olar?
- Siz deyən baş versə, 1 xal fərq artacaq. Çalışacağıq ki, son tura qədər oynayaq. Çempionat hələ bitməyib. Özümüz üçün, milli üçün oynamalıyıq ki, yaxşı formada qalaq. Qarşıda bizi daha çətin oyunlar gözləyir.
 
- Bu gün Amil Yunanov yenə də “Qarabağ”a qol vurdu. Səncə, milliyə dəvət almağa layiqdir?
- Bu sual mənə deyil, millinin baş məşqçisi Qurban Qurbanova aiddi. O haqda nəsə deyə bilmərəm. Amil Yunanov pis futbolçu deyil, ancaq son qərarı yığmanın baş məşqçisi verir.

Xəbər xətti